Medianews.az
“Ettelaat”ın növbəti uğursuzluğu:
113 baxış

“Ettelaat”ın növbəti uğursuzluğu: AzTV-yə qarşı qərar kimin ziyanınadır?

İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi (“Ettelaat”) bəzi xarici media subyektlərini, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edib və həmin qurumlarla əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələyib.

Buna cavab olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi İranın “Səhər” telekanalının və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin ölkəmizdə fəaliyyətinin qanunsuz hesab olunduğunu bəyan edib, media subyektlərini, jurnalistləri “Səhər” və “Mehr” ilə əməkdaşlıqdan çəkinməyə çağırıb.

Niyə İranın Kəşfiyyat Nazirliyi ölkənin gərgin bir durumunda Azərbaycan dövləti ilə münasibətləri gərginləşdirəcək belə bir addım atır? Məqsəd nədir?

Politoloq Xaqani Cəfərli Medianews.az-a deyib ki, İran cəmiyyətində Kəşfiyyat Nazirliyinin (“Ettelaat”) fəaliyyəti ilə bağlı etimadsızlıq var.

X.Cəfərlinin sözlərinə görə, “Ettelaat” bu günə kimi İsrailin İran ərazisində həyata keçirmək istədiyi iri əməliyyatların heç birinin qarşısını ala bilməyib: “Üstəlik, ötən il və bu il İrana qarşı keçirilən hərbi əməliyyatlar zamanı İsrail İranın dini-siyasi, hərbi elitasına daxil olan ən yüksək çinli vəzifəli şəxsləri öldürüb. Seyid Əli Xamnenei də məhz “Ettelaat”ın fəaliyyətinin uğursuz olması nəticəsində öldürülüb.

İranın dini-siyasi, hərbi elitasının təhlükəsizliyini təmin edə bilməyən “Ettelaat”ın indi bəzi xarici media orqanlarını, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalını “düşmən media qurumları” siyahısına daxil etməsi, bu qurumlarla əməkdaşlıq edən şəxsləri hədələməsi İran cəmiyyətinin diqqətini özünün uğursuz fəaliyyətindən yayındırmaq cəhdidir.

Digər tərəfdən İranın Avropa ölkələri, o cümlədən Britaniya və Ukrayna ilə münasibətlərinin gərginləşməsi teokratik rejim təmsilçilərinin təcavüzkarlığını artırır. Ancaq bütün bunlar, o cümlədən Azərbaycan dövləti ilə münasibətləri gərginləşdirməsi İranın özünün ziyanınadır. Təəssüf ki, rejim təmsilçiləri məntiqli düşünmək qabiliyyətlərini itiriblər və ona görə də belə hadisələr baş verir. Azərbaycanın təhlükəsizlik orqanları və bütövlükdə Azərbaycan dövləti İrandan gələ biləcək hər cür təxribata hazır olmalıdır”.

Nailə Qasımova
Medianews.az

Bizə qoşulun