Medianews.az
Azərbaycanda “ƏDV-nin depozit hesabı” anlayışı dəyişdi – Başqa nə dəyişikliklər var? –
210 baxış

Azərbaycanda “ƏDV-nin depozit hesabı” anlayışı dəyişdi – Başqa nə dəyişikliklər var? – TƏHLİL

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Medianews.az bildirir ki, beləliklə, Azərbaycanda “ƏDV-nin depozit hesabı” anlayışı dəyişib.

Prezident qanunda dəyişikliyi təsdiqləyənə qədər Vegi Məcəlləsində (13.2.40-cı maddə) “ƏDV-nin depozit hesabı” anlayışı aşağıdakı kimi idi:

ƏDV-nin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.

Prezidentin imzaladığı qanunla bu maddəyə “büdcəsinə” sözündən sonra “, habelə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən dövlət sosial müdafiə fonduna” sözləri əlavə edilib.

Beləliklə, artıq Azərbaycanda “ƏDV-nin depozit hesabı” anlayışı aşağıdakı kimidir:

ƏDV-nin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə, habelə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən dövlət sosial müdafiə fonduna məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.

Vergi Məcəlləsinin 175.8-ci maddəsi də dəyişib.

175-ci maddə “Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV” adlanır.

Prezident qanunu imzalayana qədər bu maddənin 8-ci bəndi, yəni 175.8-ci maddə aşağıdakı kimi idi:

ƏDV ödəyiciləri,  ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Prezidentin imzaladığı qanunla 175.8-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib: “2027-ci il yanvarın 1-dən 4 il müddətinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürülə bilər.”

Beləliklə, 175.8-ci maddə hazırda aşağıdakı kimidir:

ƏDV ödəyiciləri,  ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 2027-ci il yanvarın 1-dən 4 il müddətinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürülə bilər.

Bütün bunlar o deməkdir ki, 2027-ci il yanvarın 1-dən Azərbaycanda ƏDV depozit hesabının istifadəsi genişlənəcək. İndiyədək bu hesabdan yalnız ƏDV ilə bağlı əməliyyatlar aparılırdı. Yeni qayda isə müəyyən vergi ödəyicilərinə həmin hesabdakı vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna da ödəniş etmək imkanı verəcək.

Bu, yeni verginin tətbiqi və ya sosial sığorta haqlarının artırılması demək deyil. Vergi və sosial sığorta üzrə öhdəliklər əvvəlki kimi qalır. Sadəcə, sahibkarlar müəyyən ediləcək qaydalara uyğun olaraq sosial sığorta ödənişlərini ƏDV depozit hesabındakı vəsait hesabına həyata keçirə biləcəklər.

ƏDV depozit hesabı əlavə dəyər vergisinin hərəkətinə nəzarət etmək üçün yaradılıb. Mal və ya xidmət alan vergi ödəyicisi elektron qaimə-fakturada göstərilən ƏDV-ni bu hesaba köçürür. Sonradan həmin vəsait dövlət büdcəsinə yönəldilir və ya qanunvericiliyə uyğun qaydada əvəzləşdirilir. Bu sistem vergi intizamının gücləndirilməsi və saxta ƏDV əməliyyatlarının qarşısının alınması məqsədi daşıyır.

Praktikada isə elə hallar olur ki, müəssisənin ƏDV depozit hesabında kifayət qədər vəsait olsa da, cari hesabında sosial sığorta ödənişlərini etmək üçün pul çatışmır. Belə vəziyyətdə şirkət başqa mənbələrdən vəsait tapmağa və ya kredit götürməyə məcbur qalır. Yeni mexanizm bu problemi aradan qaldırmağa yönəlib.

Qanun qüvvəyə mindikdən sonra, müəyyən ediləcək qaydalara əsasən, müəssisələr ƏDV depozit hesabındakı vəsaitin bir hissəsini Dövlət Sosial Müdafiə Fonduna köçürə biləcəklər. Bu, xüsusilə dövriyyəsi böyük olan şirkətlər üçün pul vəsaitlərinin idarə edilməsini asanlaşdıra bilər.

Ancaq bu imkan bütün vergi ödəyicilərinə şamil olunmur. Yeni qayda yalnız neft-qaz sahəsində fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid olan vergi ödəyicilərinə tətbiq ediləcək. Bundan başqa, vəsaitin hansı hallarda və hansı qaydada köçürüləcəyi sonradan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək.

Diqqət çəkən məqamlardan biri də odur ki, bu mexanizm daimi deyil. Qanuna görə, yeni qayda 2027-ci il yanvarın 1-dən başlayaraq dörd il müddətində tətbiq olunacaq. Bu da onun ilkin mərhələdə sınaq xarakteri daşıdığını göstərir. Ehtimal ki, Tətbiqin nəticələrindən asılı olaraq mexanizmin gələcəkdə uzadılması və ya daimi olması barədə qərar verilə bilər.

Medianews.az

Bizə qoşulun