Su orqanizmdəki demək olar ki, bütün həyati proseslərdə əsas rol oynayır. Onun çatışmazlığı baş ağrısına, yorğunluğa və həzm problemlərinə yol aça bilər. Bəs suyun miqdarı ilə yanaşı, onun temperaturu da səhhətimizə təsir edirmi?
Medianews.az xəbər verir ki, mütəxəssislərin fikrincə, ümumi hidrasiya (orqanizmin su balansı) baxımından suyun temperaturu həlledici əhəmiyyət kəsb etmir.
Su həzm sistemindən keçərək tədricən bədən temperaturuna uyğunlaşır. Buna görə də həm soyuq, həm də ilıq su orqanizmi eyni dərəcədə yaxşı qidalandırır.
ABŞ Tibb İnstitutu yetkin qadınlara gündə təxminən 2–2,7 litr, kişilərə isə 2,5–3,7 litr su qəbul etməyi tövsiyə edir. Bu ehtiyacı təkcə su ilə deyil, həm də tərəvəz, meyvə, eləcə də çay və qəhvə kimi içkilərlə qarşılamaq olar.
Bununla belə, müəyyən hallarda suyun temperaturu fərq yarada bilər:
Soyuq suyun üstünlükləri: Araşdırmalar göstərir ki, isti havada fiziki məşq zamanı orqanizm həddindən artıq qızdıqda təxminən 16°C temperaturda olan sərin su bədəni daha effektiv soyudur və rahatlıq hissi yaradır. Həmçinin, susuzluqdan əziyyət çəkən insanlar bu temperaturda olan suyu buzlu və ya isti suya nisbətən daha həvəslə içirlər.
İlıq və isti suyun üstünlükləri: Soyuqdəymə və ya qrip zamanı isti içkilər boğaz ağrısını və burun tutulmasını müvəqqəti olaraq yüngülləşdirir, öskürək və titrəmə kimi simptomları azaldır.
Geniş yayılmış fikrin əksinə olaraq, çox soyuq su içmək maddələr mübadiləsini yalnız qısamüddətli sürətləndirir və kalori yandırılmasına ciddi təsir göstərmir. Çəkiyə nəzarət etmək üçün suyun temperaturu deyil, onun müntəzəm qəbulu vacibdir. Araşdırmalar göstərir ki, bədəni susuz qalan insanların bədən kütlə indeksi daha yüksək olur və onlarda piylənmə riski artır. Su iştahanı idarə etməyə və ümumi kalori qəbulunu azaltmağa kömək edir.
Medianews.az