Alimlər yaşlı insanlar üçün beynin fəaliyyətini yaxşılaşdıran və ömrü uzadan ən effektiv hobbilərin siyahısını tərtib ediblər.
Medianews.az xəbər verir ki, 700 min amerikalı təqaüdçünün iştirak etdiyi araşdırma göstərir ki, idman, düzgün qidalanma, siqaretdən imtina, keyfiyyətli yuxu və aktiv sosial həyat kimi vərdişlər ömrü 24 il uzada bilər.
Ekspertlər bu siyahıya beynin qocalmasını ləngidən digər maraqlı məşğuliyyətləri də daxil ediblər:
-
Piyada gəzinti: Gündəlik cəmi 4000 addım atmaq beynin həcmini və onun adaptasiya qabiliyyətini artırır.
-
Xarici dil öyrənmək: Yeni dillər öyrənmək beyni qoruyur. Hətta 103 yaşlı insanların belə yeni dil öyrənməsinin beyin funksiyalarına müsbət təsir etdiyi sübut olunub.
-
Kviltinq və fotoqrafiya: Həftədə 16 saat bu işlərlə məşğul olmaq yaddaşı və məlumatı emal etmə sürətini krossvord həll etməkdən daha çox artırır.
-
Janqlyorluq, rəqs və videooyunlar: Janqlyorluq beynin plastikliyini artırır, rəqs isə müvazinəti bərpa edir və beynin qocalmasını ləngidir.
-
Meditasiya və stressin azaldılması: Yoqa, meditasiya, gündəlik yazmaq və ya ev heyvanı saxlamaq yaddaşı gücləndirir, enerji səviyyəsini artırır.
Mütəxəssislər bildirirlər ki, bu məşğuliyyətlərdən yalnız birini seçmək kifayət deyil. Maksimal nəticə üçün fiziki aktivlik, düzgün pəhriz, zehni stimullaşdırma və sosial ünsiyyəti eyni anda həyat tərzi halına gətirmək lazımdır.
Medianews.az