Hər dəfə bu cür situasiya yarananda yadıma jurnalist Nicat Dağların 18 il öncə Gəncədə müşahidə etdiyi və yazdığı bir hadisə düşür.
Deməli, 2008-ci ilin may ayının 21-də Çempionlar Liqasının final oyunu çərçivəsində Moskvanın “Lujniki” stadionunda keçirilən “Manşester Yunayted”-“Çelsi” matçı 120 dəqiqə davam edir, oyun 1:1 hesabıyla ilə başa çatır, penaltilər seriyasında isə mançesterlilər 6:5 hesabıyla qalib gəlirlər. Təbii ki, “Çelsi”nin oyunçuları, tərəfdarları, ən başda da klubu sahibi Roman Abramoviç çox üzülür.
Matçın ertəsi günü çayxanada oturan, atışıb bir çaynik çay alıb içə-içə dünən axşamkı oyunu müzakirə edən gənclərdən biri dərin təəssüf hissi ilə deyir: “Heş nə yox, Abramoviçə yazığım gəldi”.
Təsəvvür edin, bizim cibində 5 manat pulu olmayan gənclər o zamanlar azı 5 milyard dollarlıq varidatı olan, Çukotkada qubernator işləyən, şəxsi təyyarəsi ilə uçaraq, səhər-günorta-axşam yeməklərini müxtəlif ölkələrdə yeyən, futbol meydançası boyda olan yaxtası ilə Liverpuldan üzə-üzə Antalyaya gələn, oradan da üzüb Hayfaya yan alan Abramoviçə yazığı gəlir.
Budur, 20+ ildir davam edən Messi-Ronaldo və ya Ronaldo-Messi rəqabətinin yeni dalğası başlayıb və bizim mundialdan vaxtsız ələnən milyarder Ronaldoya yazığımız gəlir. Arada az qala Messiyə də yazığımız gələcəkdi, amma o, işin içindən birtəhər sıyrıldı və başda biz, ortada argentinalılar olmaqla azarkeşlərini məyus etmədi.
Məsələ bununla bitsəydi, nə vardı ki? Milli azarkeşlərimiz illərdir iki cəbhəyə bölünüb Ronaldo-Messi və ya Messi-Ronaldo (hansının adının birinci çəkilməli olması da prinsipial məsələdir) davası aparırlar. Bir tərəf deyir, əsl futbol kralı Ronaldodur, Messi bir qəpiklik oyunçu deyil. O biri tərəf deyir, Messi olan yerdə Ronaldo heç kimdir.
Bəziləri də məsələyə din mövzusundan girir, deyir, Ronaldo Fələstinə dəstək ifadə edib, bir brifinqdə “Coca-cola” şüşəsinin qarşısından götürülməsini tələb edib (“Coca-cola”nın din məsələsinə nə dərəcədə dəxli var, bunu onlar bilir), Messi isə yəhudilərin hansısa kampaniyasında iştirak edib, qatillərə ortaq olub.
Bu nədənlə biri Messiya nifrət etdiyini yazır, o birisi Ronaldoya. 2-3 min kilometr o tərəfdə futbolunu oynayıb, pulunu qazanan, bizə nə milli, nə də şəxsi planda bir zərəri toxunmayan adama niyə nifrət edək? Səbəb nədir?
Oyunçuların vurduqları qolları, qazandıqları titulları sadalayanlar var. Bu xüsusda mübahisə, öcəşmə uzandıqca uzanır, axırda tərəflər bir-birinin xətrinə dəyir. Bir-birindən telefon nömrəsi tələb edən, kimsəsiz bir yerdə görüşüb məsələni çürütmək istəyənlər də olur.
İndi təsəvvür edin, iki gənc sırf bu məsələ üstündə dalaşıblar, bir-birini al qana qərq ediblər və polisə düşüblər. Müstəntiq soruşur ki, nə üstə dalaşmısınız. Əvvəlcə dinmirlər. Nə desinlər? Sonra poqon bir az sıxır, dilə gəlirlər, biri deyir ki, bu, Messiyə “sünbülqıran” dedi. O biri də deyir ki, xeyr, birinci bu, Ronaldoya “pedaras” dedi. Bu yerdə müstənriq qeyzlənməzmi, onları hər ikisinə ən azı 30 sutka cəza kəsməzmi?
Normalda isə hər iki oyunçunun dünya futbol tarixinin ən möhtəşəm 5 futbolçusundan ikisi olduğunu qəbul etmək nə çətin şeydir? İkisi də titulludur, ikisi də meydanda fenomenal ustalıq göstərib, ikisi də qol kralı olub, ikisi də dəfələrlə “Qızıl top” mükafatı alıb, hər ikisi çox sayda çempionluqlar qazanıb, hər ikisinin parlaq oyunlarını əks etdirən yüzlərlə video var.
Yox, zirvədə yalnız bir yer var, “ən böyük” yalnız biri olmalıdır. Bəlkə də bu, bizim təkallahlılıq sisteminə vərdiş etməyimizdən gəlir. Təkcə futbolda deyil, hər işdə beləyik. Məsələn, uzun illər ədəbiyyatda beləydi ki, Səməd Vurğun şairlərin kralıdır, başqaları heç nədir. Musiqidə heç kəsi Üzeyir Hacıbəyovun olduğu zirvəyə yanaşmağa qoymuruq. Milli rəssamlığın şah taxtı Səttar Bəhlulzadəyə məxsusdur. Milli futbolumuzun şəriksiz lideri isə Anatoli Banişevskidir.
Deməyim odur ki, illərdir mənasız öcəşmələrlə məşğuluq. Futbol sezonu qurtaran kimi başqa mövzular tapacağıq. Zatən, Paşinyan-Köçəryan öcəşməsini təzə bitirmişik.
Ən pisi odur ki, biz 200 ilin aksiomları üstündə də mübahisə edirik. Məsələn, Yerin düz və ya yuvarlaq olması, Ayın görünüb-görünməməsi, fövqəlbəşər məxluqların (cin, iblis, şeytan, həyulə və s.) varlığı, cənnət-cəhənnəmin mövcudluğu və s. mövzularda da vaxtaşırı dartışırıq.
Bu ölkədə hər bir qəbahətə, xəyanətə haqq qazandıra biləcək, onun uğrunda mübahisəyə atılacaq adamlar var.
**
Dünya köhnə dünyadır, höcətləri təzədir.
Samir SARI