Medianews.az
“Arzum”un məhkəməsində görünməmiş presedent -
242 baxış

“Arzum”un məhkəməsində görünməmiş presedent - EKSKLÜZİV

Bu gün Bakı Apellyasiya Məhkəməsi ölümlə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyeva barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Qərara əsasən, İlduzə Hacıyeva ev dustaqlığında olduğu müddətdə - vatsapda xaricdəki ailə üzvləri ilə danışmağı çıxmaq şərtilə - sosial şəbəkələrdən istifadə edə bilməz.

Medianews.az xəbər verir ki, ev dustaqlığı qətimkan tədbiridir. İndiyədək barəsində bu cür qətimkan tədbiri seçilmiş şəxslərdən kiməsə sosial şəbəkələrdən istifadə yasağı qoyulduğu haqda ölkədə məlumat yayılmamışdı.

Bu baxımdan Bakı Apellyasiya Məhkəməsinin İlduzə Hacıyeva ilə bağlı qərarı Azərbaycanın məhkəmə təcrübəsində sosial mediadan istifadənin ayrıca məhdudlaşdırıldığı ilk ictimailəşmiş məhkəmə qərarıdır.

Heç də bütün məhkəmə qərarları ictimaiyyətə açıqlanmır və ola bilər, oxşar məhdudiyyət hansısa işlərdə tətbiq edilib. Lakin indiyədək belə bir hal baş verməyibsə, onda İlduzə Hacıyevaya ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadənin yasaq edilməsi ümumiyyətlə Azərbaycanın məhkəmə praktikasında ilk presedentdir.

İstənilən halda bu, ictimaiyyətə və mediaya bəlli ilk məhkəmə təcrübəsidir.

Qeyd edək ki, İlduzə Hacıyeva iyulun 2-də Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. Lakin bu hökm hələ qüvvəyə minməyib, iş apellyasiya instansiyasına daşınıb.

İyulun 2-də Xəzər Rayon Məhkəməsi azadlıqdan məhrumetməyə dair hökmlə bərabər İlduzə Hacıyeva barəsində həbs qətimkan tədbiri də seçib və o, həmin gün hələ qüvvəyə minməmiş 5 il 2 aylıq azadlıqdan məhrumetmə hökmünə görə yox, həbs qətimkan tədbirinə görə tutulmuşdu.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun