Fil qulağında yatmışıq, sən demə, Amerikanın İranı vurmağa başının qarışmağından istifadə edərək teleməkanımızdakı bütün bayağı verilişləri bağlayıblar. Sözün əsl mənasında efir soyqırımı yaşanmışdır. Damazlıq bir dənə düşük veriliş də saxlanılmayıb.
Nəticədə indən sonra zəhmətkeşlərimiz 65 yaşlı arvadın ərə verilməsi barədə şok kadrları, manıs Əlikramın Rasiyadakı arvadlarının tapılması haqda tükürpədən informasiyaları, nə bilim, daha hansısa başqa qandonduran manıs verilişlərini izləyə bilməyəcəkdir.
İlk növbədə maraqlıdır ki, verilişlərin hamısı eyni vaxtda bağlanıb. Ancaq bunlar hərəsi başqa-başqa kanallarda idi axı. Belə çıxır rəhbərlik vahiddir. Olsun. Nəyi pisdir? Gün o gün olsun, inşallah, Əbülfəz bəyin arzusu yerinə yetsin, Vahid Azərbaycan quraq. Həmişə ən böyük arzularımdan biri Təbrizdə “Şaxsey” demək olmuşdur.
Vahid rəhbərlik və dini tema söhbəti düşmüşkən, mövzudan azca uzaqlaşmaq bahasına da olsa, bir pritça-hədisi bura yazmalıyam. Bir gün yas yerində cavanın birisi mollaya sual verir: “Molla əmi, hər saniyədə dünyanın cürbəcür yerlərində minlərlə adam ölür. Əzrayıl bunların hamısının canını eyni anda almağı nə cür çatdırır?” Molla əmi çaydan bir hortdam, aşdan da bir xışma alıb ərz edir: “Bala, Mingəçevirdəki stansiyadan tok kəsilsə, hamımızın işığı bir saniyədə necə sönür? Bax, cənabi Əzrayıl da canı belə alır”.
Həqiqətən, çox əsrarəngiz dünyada yaşayırıq. Məsələn, sovetin vaxtında bizdə ağır xəstə olanda onu əvvəlcə Bakıya “qaçırdırdılar”. Bakıda əlac olmayanda Moskvaya. Sonra müstəqil olduq, camaat İrana müalicəyə getdi. İndi isə deyirlər İranın təzə dini lideri Müctəba Xamaneyini İsrailin zərbəsindən sonra Moskvaya sağaltmağa aparıblar.
Qəribə, burulğanlı vəziyyətdir. Bu temada da bir hədis var. Adam yuxuda Əzrayılı görür, gedir Süleyman peyğəmbərdən xahiş edir ki, məni Hindistana at. Bunu bilənlər bilməyənlərə danışsın, mövzuya qayıdım, yoxsa mövzu da bağlanar, qalarıq işsiz...
Bayağı verilişlərin bağlanması, əlbəttə, müsbət haldır, ancaq onların yerində nə açıblar? Əsas sual budur. Guya manıs boğuşması yerinə intellektual-elmi veriliş, doğruçu xəbərlər, siyasi-ictimai tok-şoular veriləcək? Heç inandırıcı deyil. Ona görə də mənim ehtimalıma görə, bu verilişlər tezliklə bərpa olunacaq. Özü də xalqın tələbi ilə! Bəli. Bizdə adətən bütün bambılı işlər “xalqın tələbi” ilə baş verir.
Ümumiyyətlə, şəxsi təşəbbüslə heç-zad baş vermir. Kimin nə zibil işi olsa, onu da “başqa nə edə bilərik, camaat belə istəyir” söyləyərək ört-basdır edir. “Xalq nə deyər”, “xalqın anası-bacısı var”, “xalqın zövqü belədir”, “xalq pxıdır, biz çiçəyik” və sairə - bu klişeləri (savadlı adamlar demişkən) hamınız məndən yaxşı bilirsiniz.
Deyəsən Rusiyada 90-cı illərdə baş nazir işləmiş Çernomırdinin sözü idi: “Rusiyada hansı partiya qurursan, qur, axırda Kommunist Partiyası alınır”. İndi mənim fikrimcə, bizim ekran-efirdə də hansı verilişi açsalar, onun tezliklə bayağı verilişə çevrilməsi qaçılmazdır. Hərlənib, fırlanıb yenə “özümüzə qayıdacağıq”, çünki biz “özümüzə dönəndə böyük oluruq”.
Milli Məclisin Tahir Rzayev isimli fantastik bir deputatı var, onun “Yolun qırağına 8 adam toplaşsın, sonra keçsinlər, tək-tək keçmək maşınları ləngidir” kimi elmi-praktik çıxışı haqqında yazmışdım. Sən demə Tahir müəllimin başqa maraqlı söhbətləri də olub. Təklifi isə bu dəfə kənd təsərrüfatında istehsalı qaldırmaq barədə imiş. Deyir hər idarə, müəssisə, nazirlik torpaq sahəsi icarəyə götürsün, orda əkin-biçin, heyvandarlıqla məşğul olsunlar, işçilərinə ət, süd, balıq və sairə, qısa yazsam, yemək versinlər.
Məsələn, Mədəniyyət Nazirliyinin pianoçuları növbə ilə Lerikdə inək otarmalıdır. Mətbuat Şurasının jurnalistləri Haramı düzündə əbrəş quzuların dalıyca gəzməlidir. BDU-nun hüquq fakültəsinin beynəlxalq hüquq kafedrası üçün Şabranda forel vətəgəsi açılmalıdır və sairə.
Gözəl təklifdir. Ancaq orijinal deyil. Tahir müəllimin yadında olar (o vaxt Ağcabədinin raykomunda 2-ci katib idi), Sovet dövlətində belə mənasız işlər görürdülər. Adını da “yardımçı təsərrüfat” qoymuşdular. Ancaq həmin təsərrüfatlar SSRİ-nin darmadağın və səmərəsiz iqtisadiyyatına dərman olmadı, aclıq-qıtlıq üzündən ölkə yıxıldı.
Deputat isə istəyir biz təzədən ora qayıdaq.
Zamin HACI