Medianews.az
Keniyalı jurnalistlərdən Bakı və Qarabağ etirafı:
66 baxış

Keniyalı jurnalistlərdən Bakı və Qarabağ etirafı: "Heyran qaldıq" - FOTOLAR/ÖZƏL

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) beynəlxalq medianın da diqqət mərkəzindədir. 

Forum çərçivəsində müxtəlif ölkələrdən gələn jurnalistlər və media nümayəndələri tədbirin yüksək səviyyədə təşkil olunduğunu, texnoloji imkanların və yaradılan şəraitin peşəkar fəaliyyəti asanlaşdırdığını bildiriblər.

Medianews.az xarici media təmsilçilərinin forumla bağlı təəssüratlarını öyrənib.

Mozambikli jurnalist Elisio Muchanga Bakıda ilk dəfə olduğunu deyərək şəhərdəki atmosferdən məmnun qaldığını bildirib: “Burada çoxmillətli mühit var. Demək olar ki, hər ölkədən iştirakçılar iştirak edir. İlk dəfədir Bakıdayam və buradakı ab-hava həqiqətən əladır”.

Keniyanın ABOS Africa News Agency media qurumunun Afrika bürosunun rəhbəri Joseph Silali isə Bakıda media üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

O bildirib ki, bundan əvvəl COP29 tədbirində də Azərbaycanda olub:
“Burada güclü internet infrastrukturu var. Əlaqə qurmaq, material ötürmək çox rahatdır. Mətbuat otaqları və konfrans zalları yüksək səviyyədə təşkil olunub. İstifadə olunan texnologiyalar ən son yeniliklərə əsaslanır. Həmçinin burada müxtəlif ölkələrdən olan həmkarlarımızla beynəlxalq əlaqələr qururuq”.

Keniyalı jurnalist Rosa Agutu isə Forumda müzakirə olunan mövzuların qlobal əhəmiyyət daşıdığını qeyd edib: “Bu, çox önəmli mövzudur. Bu gün bütün ölkələr sel və daşqınlar kimi problemlərlə üzləşir. Belə bir forumun Azərbaycanda keçirilməsi təqdirəlayiqdir. Müxtəlif ölkələrin burada bir araya gəlməsi və fərqli yanaşmaları bölüşməsi olduqca müsbət haldır”.

Daha sonra o da təmsil etdiyi media qurumu üçün bizim təəssüratlarımızı öyrəndi.

Keniyalı videoqraf James Momanyi da Azərbaycana olan sevgisini gizlətməyib: “Bakıya vuruldum. İki həftə əvvəl gəlmişəm və bu müddətdə Qarabağ, Şuşa, Füzuli və Zəngilana səfər etmişəm. Xüsusilə “ağıllı şəhər” və “ağıllı ev” layihələri məni çox təsirləndirdi. İnsanlar çox qonaqpərvərdir və burada özümüzü xoşbəxt hiss edirik”.

Sonda göstərilən dəstəyə görə könüllü Gülbahar Həsənliyə təşəkkür edirik.

Müşfiqə Bayramova
Medianews.az


Bizə qoşulun