Medianews.az
Azərbaycanlıların İrəvan, ermənilərin Bakı səfərləri –
141 baxış

Azərbaycanlıların İrəvan, ermənilərin Bakı səfərləri – Nə görünür?

Bir müddət əvvəl Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfərinin ardınca erməni nümayəndə heyətinin Bakıya gəlməsi bölgədə sülh gündəliyinin həqiqətən də ardıcıl və ciddiliyindən xəbər verir.

Əvvəla, hesab edirəm ki, “Sülh Körpüsü” Təşəbbüsü adlanan bu ifadənin leksik və məzmun baxımından dırnaq arasında olması düzgün deyil və prosesi sanki şübhə altına salır. Ona görə də, Sülh Körpüsü ciddi siyasi-ictimai məna daşıdığından və dövlətlərarası sülh quruculuğunun bir hissəsi olduğundan dırnaqsız qeyd edilməlidir.

Sülh təmaslarına gəlincə, Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfərini qınayanlar olsa da, məsələyə yeni çağırışlar rakursundan baxmaq lazımdır, çünki reallıq uzadılmış sülh əlinin ancaq müsbət niyyətlərə xidmət etdiyini göstərir.

Azərbaycan və Ermənistan avqust ayında Vaşinqtonda sülh anlaşması imzaladı və sülh prosesi geridönməz şəkildə irəliləyir. Bu prosesdə vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifə düşür və fəal dialoqun bərpasındakı rolu, yaxın gələcəkdə icra olunacaq birgə layihələrdə iştirakı danılmazdır.

Hər iki tərəfin vətəndaş cəmiyyəti institutu çalışır ki, uzun illər formalaşmış nifrət və düşmənçilik hissləri yaxın və mehriban qonşuluq, qarşılıqlı isti təmaslarla əvəz edilsin. Atılan təşviqedici addımlar, sülh quruculuğu yolunda diplomatik-ictimai təmaslar hər iki ölkənin cəmiyyətini regionda birgəyaşayışa, rifah naminə inteqrasiyalara alışdırmaqdır.

İki xalq uzun müddət bir-birinə düşmən olub və silahlı münaqişə hər iki tərəfə ağır fəlakətlər yaşadıb. Ona görə də, bu gün sülh və firavanlıq çox vacibdir. Bunu Ermənistan cəmiyyətinin əhvalında, ritorikasında son zamanlar daha çox görmək mümkündür.

Bu baxımdan azərbaycanlıların İrəvana, ermənilərin isə Bakıya səfərləri sülh bağlantısını daha da tezləşdirə bilər.

Bu səfərlər xalq diplomatiyası modelinə uyğun olmaqla, digər siyasi, iqtisadi, ictimai, humanitar institutların nümayəndələrinin də qarşılıqlı səfərləri üçün yol açır. Belə ki, növbəti mərhələdə hər iki tərəfin iqtisadi, nəqliyyat, ticari, logistika, biznes təmsilçiləri, mədəniyyət və incəsənət nümayəndələri də səfərlər etməklə cəmiyyətlərdəki düşmənçiliyi tamamilə yox etmək və səmimi münasibətlər qurmaq, humanitar təmaslar yaratmaq üçün qətiyyətli addımlar atmalıdır.

Sülh Körpüsü həm də Zəngəzur dəhlizinin açılmasından başlayır və Ermənistanın vətəndaş cəmiyyətinin üzvlərinin kommunikasiyaların açılmasına dair müsbət fikirlərini də təqdir etmək lazımdır.

Ancaq bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim, Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı məsələdə də onların mövqeyinin, fəallığının açıq şəkildə bəyan edilməsini istərdik.

Vaqif Abdullayev, 
siyasi elmlər doktoru, professor

Bizə qoşulun