Bakının tıxaclı küçələrində hər gün minlərlə sərnişini mənzil başına çatdıran avtobusların sükanı arxasında adətən kişi sürücülər olur. Lakin ötən ilin yayında “Baku Bus” MMC-yə qadın sürücü vakansiyası üzrə müraciət edən və təlimlərdən keçərək həmin ilin noyabrında işə qəbul olunan iki qadın avtobus sürücüsü də var. Onlar sükan arxasına keçərək ictimai nəqliyyat kimi məsuliyyətli bir sahədə ilk qadın sürücülər kimi işə başlayıblar.
Medianews.az xəbər verir ki, AZƏRTAC-ın əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın ilk qadın avtobus sürücüləri Xalidə Səmədova və Rəna Cəfərova ilə söhbətləşiblər.

Sürücülüyə həvəs və sərnişinlərin məmnuniyyəti
“Sürücülük həyatımın ayrılmaz hissəsinə çevrilib. 15 il müxtəlif şirkətlərdə və ailələrdə şəxsi sürücü kimi çalışmışam. Lakin həmin illərdə məndə avtobus idarə etməyə böyük həvəs yaranıb. Xarici ölkələrdə qadın avtobus sürücülərini görəndə bu peşəyə marağım daha da artırdı. İctimai nəqliyyatdan istifadə edərkən avtobus sürücülərinin işini diqqətlə izləyir, iri nəqliyyat vasitələrinin idarə olunması mənə çox maraqlı gəlirdi. Qadın sürücülərin təlimlərə cəlb olunması barədə elanı görən kimi heç tərəddüd etmədən müraciət etdim”, - deyə 36 yaşlı Xalidə Səmədova bildirib.
O, uşaqlıqdan cüdo ilə məşğul olub. Lakin sonralar zədələndiyinə görə, həmin idman növündən ayrılıb. Onun dediyinə görə, avtobus kimi iriqabaritli nəqliyyat vasitəsinə uyğunlaşmaq ilk vaxtlar asan olmayıb. Xalidə xanım əvvəllər belə böyük nəqliyyat vasitəsini idarə etmədiyini deyib. Üç ay davam edən nəzəri və praktiki təlimlərdən sonra isə bu iş onun üçün adi bir vərdişə çevrilib. Sərnişinlərin ona münasibəti isə çox vaxt müsbət olur. Xalidə Səmədovanın sözlərinə görə, bir çox sərnişin avtobusdan düşərkən göstərdiyi xidmət üçün ona təşəkkür edir. Xüsusilə qadın sərnişinlər onun idarə etdiyi nəqliyyat vasitəsində mənzil başına daha rahat çatdıqlarını, özlərini sakit və təhlükəsiz hiss etdiklərini bildirirlər. O hesab edir ki, əsas məsələ sükan arxasında qadın və ya kişinin olması deyil, işi sevərək və məsuliyyətlə yerinə yetirməkdən ibarətdir.
Xalidə Səmədova deyir ki, iş günü əksər insanların şirin yuxuda olduğu vaxtda başlayır: “Hər gün gecə saat dörddə oyanıram, saat beşdə isə artıq qarajda oluram”.
Sürücülər əvvəlcə tibbi yoxlanışdan, avtobus isə texniki baxışdan keçirilir. Yalnız bundan sonra sükan arxasına keçərək marşrut xəttinə çıxır və onun iş günü adətən günorta saat üçə qədər davam edir.

Çətin keçən təlim və ailənin dəstəyi
Rəna Cəfərova isə əvvəl yük maşını idarə edib. Onun avtobus sürücüsü olması maraqdan irəli gəlib. 39 yaşlı Rəna xanımın sürücülüyə marağı hələ uşaqlıqdan başlayıb. Avtobus sürücüsü olmaq üçün keçdiyi təlim isə olduqca çətin olub. Təlimlər yay aylarına təsadüf etdiyindən isti hava şəraiti prosesi bir qədər də çətinləşdirib. Bəzən hədsiz dərəcədə yorulduğundan bu işi yarımçıq qoymaq istədiyi vaxtlar da olub. Lakin heç nəyə məhəl qoymayaraq təlimləri uğurla başa vurub.
Onun sözlərinə görə, iri nəqliyyat vasitəsi idarə etməyin əsas çətinliyi onun həcmi ilə bağlıdır. Xüsusilə avtobusu geri hərəkət etdirmək, park etmək xüsusi bacarıq və diqqət tələb edir. O, indiyədək yol hərəkəti qaydalarını da pozmayıb.
Rəna Cəfərovanın ilk iş günü isə həyəcanla yadda qalıb. Avtobus idarə etməkdən çəkinməsə də, sərnişinlərin reaksiyası onu daha çox düşündürürdü. O deyib ki, ilk vaxtlar bəzi sərnişinlər qadın sürücüyə təəccüblə baxıb, hətta başqa avtobusla getmək istədiklərini bildirənlər də olub. Lakin zaman keçdikcə bu münasibət dəyişib və indi sərnişinlər onu normal qarşılayırlar. O, iş vaxtı başına gələn maraqlı hadisəni də danışıb: “Mərdəkandan metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edərkən son dayanacaqda orta yaşlı bir kişini yatan vəziyyətdə gördüm. Yaxınlaşıb onu yuxudan oyatmağa çalışsam da, oyanmadığı üçün onu yenidən son dayanacağa qədər geri aparmalı oldum”.
Onu narazı salan bir məqam da var. Ekspres marşrut xəttinin bəzi sərnişinləri bilərəkdən müxtəlif dayanacaqlarda avtobusu saxlamaq üçün “Dayan” düyməsini sıxır, hərəkətdə olan nəqliyyat vasitəsində müxtəlif narahatlıqlar yaradırlar. Lakin o, həmişə təmkinini pozmadan davrandığını və peşə fəaliyyətini məsuliyyətlə yerinə yetirdiyini söyləyib.
Ailə üzvləri ilə yanaşı bir çox yaxınları ona bu işin qadınlara uyğun olmadığını söyləyib, hətta evdə oturmağı məsləhət görənlər də olub. Lakin anası ona böyük dəstək verib və bu yolda ən böyük motivasiya mənbəyi olub. Onun övladı da anasının bu işi görməsindən qürur duyur.

Sürücü qadınların sayı arta bilər
Maraqlıdır ki, Rəna Cəfərova əvvəllər fərqli sahədə çalışıb. O, orta ixtisas təhsili üzrə informatika müəllimidir və bir müddət pedaqoq kimi fəaliyyət göstərib. Sonra müxtəlif şirkətlərdə işləyib və yük maşınları idarə edib. Bu təcrübə isə ona avtobus sürücülüyündə kömək göstərib. Hətta yaxın müəllim dostları yarızarafat-yarıciddi deyirlər ki, bu il müəllimlərin sertifikasiya imtahanından keçə bilməsələr, onun zərif cinsdən olan həmkarlarının sayı daha da çox olacaq.