Şimali Koreya ölkədə baş verən Covid-19 epidemiyasında sərhəddəki “xarici obyektləri” günahlandırıb. Şimali Koreya dövlət mediası iddia edib ki, son bir neçə ayda ölkədə yoluxma sayının sürətlə yayılmasına səbəb olan Covid-19 epidemiyası vətəndaşların cənuba yaxın bölgəyə düşən “yad əşyalara” toxunması ilə başlayıb.
Medianews.az xəbər verir ki, məlumatda bildirilib ki, Cənubi Koreyadakı fəallar illərdir Şimali Koreyaya “təbliğat balonları” göndərirlər.
Bildirilir ki, Şimali Koreya administrasiyası ictimaiyyətə sərhəddə “yoluxmuş” yad obyektlərə toxunmamaq barədə xəbərdarlıq edib. Dövlət mediasının məlumatına görə, aprel ayında ölkədə pandemiya başlayanda Cənubi Koreya sərhədində naməlum obyektlərlə təmasda olan iki nəfər Covid-ə tutulub, bundan sonra virus sürətlə yayılıb.
Cənubi Koreya isə Covid virusunun sərhəddən bu şəkildə yayılmasının qeyri-mümkün olduğunu bildirərək iddianı təkzib edib.
Xatırladaq ki, “düşmən qardaşlar” Cənubi və Şimali Koreya arasındakı qapalı sərhəd dünyanın ən ciddi mühafizə olunan sərhəd bölgəsi kimi tanınır.
Şimali Koreya, pandemiyanın dünyaya yayılmasından 2 il sonra, aprelin sonunda ölkədə ilk Covid hadisələrinin görüldüyünü açıqlayıb. Ölkədə epidemiyaya qarşı böyük səfərbərlik başladılıb.
Leyla, Medianews.az