NATO-nun baş katibi Stoltenberq bildirib ki, Türkiyə həyati vacib müttəfiqdir, bir çox cəhətdən əsas rol oynayan qüvvədir və buna görə də onun haqlı narahatlıqlarını aradan qaldırmaq üçün səylər göstərilməlidir.
Medianews.az xəbər verir ki, bu sözləri Finlandiyaya səfər edən NATO-nun baş katibi Yens Stoltenberq prezident Sauli Niinistö ilə birgə mətbuat konfransında deyib. O qeyd edib ki, bu məsələ ciddi və bir o qədər də vacibdir:
“Türkiyənin terror təşkilatı PKK ilə bağlı narahatlıqları da daxil olmaqla, bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll etməliyik”.
Stoltenberq bildirib ki, o və komandası İsveç, Finlandiya və Türkiyə rəsmiləri ilə daimi təmasdadır.
İyunun 29-30-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Sammitində sözügedən ölkələrin iştirakı ilə bağlı razılığın əldə edilib-edilməyəcəyi sualına da Stoltenberq Türkiyənin narahatlığına ən qısa zamanda cavab veriləcəyini və problemin həlli üçün səy göstəriləcyini bildirdi.
“Bunlar qanuni narahatlıqlardır. Terrorizm və silah ixracı ilə bağlı olan məsələlərdir. Biz yadda saxlamalıyıq ki, heç bir NATO müttəfiqi terror hücumlarından Türkiyədən daha çox zərər görməmişdir”.
Türkiyənin DEAŞ terror təşkilatı ilə mübarizədə mühüm rol oynadığını vurğulayan Stoltenberq, “Türkiyə Ukraynanın dəstəklənməsində və qapalı qalan buğdanın ixracında mühüm rol oynayır. Ona görə də belə bir həyati müttəfiq terrorla bağlı narahatlıqlarını paylaşdıqda, biz bunu qəbul etməliyik. Biz də elə bunu edirik”- deyib.
Medianews.az