Medianews.az
Yazıçı: “Məni sıradan çıxarmaq üçün necə hoqqalar verdiyini öyrənəndə əlim üzümdə qalmışdı”
94 baxış

Yazıçı: “Məni sıradan çıxarmaq üçün necə hoqqalar verdiyini öyrənəndə əlim üzümdə qalmışdı”

2026-cı ildə dövlətin Azərbaycan Kitab Mükafatı elan etməsi gözlənir. İlkin rəsmi bilgiyə görə, Prezident fərmanı ilə təsdiqlənəsi 50 min manatlıq mükafat hər il bir müəllifə veriləcək, qalib əsər xarici dillərə tərcümə edilib yayılacaq.

Müsabiqəyə nəsr (roman və hekayə) və poeziya (şeir və mənzum hekayə) nümunələrini nəşriyyatlar və ədəbi orqanlar təqdim edə bilər.

Birinci mərhələdə - sentyabr ayında ekspertlərin 10 əsərdən ibarət uzun siyahı tərtib edəcəyi, noyabr ayında xüsusi komissiyanın 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcəyi, həmin ay laureatın elan olunacağı bildirilir.

Bu təşəbbüs necə qarşılanır? Məsələn, povest təqdim etmək olarmı? Ədəbi tənqid nümunəsi necə? Ədəbi mükafat necə olmalıdır? Mükafatın əsasnaməsinin tərtib olunmasına kimlər cəlb olunmalıdır? Ekspertlər kimlər olmalıdır? Təqdimat - başqa media qurumları (məsələn, saytlar) əsər təqdim edə bilərmi?

Mövzu ilə bağlı Medianews.az-ın suallarını cavablandıran şair, yazıçı, jurnalist, tərcüməçi Etimad Başkeçid deyib ki, Azərbaycanda, demək olar, bütün ədəbi mükafatların iflasa uğramasının yalnız bir səbəbi var: müsabiqəni ədalətli təşkil edə bilmirlər.

Etimad Başkeçidin sözlərinə görə, bizdə ümumiyyətlə müsabiqə mədəniyyəti formalaşmayıb: “İndiyədək  təşkil edilən bütün müsabiqələrin aqibəti bunu göstərir. Hər dəfə postfaktum məlum olur ki, komissiya üzvləri bu və ya digər şəkildə üzgörənlik eləyib. Bir dəfə tamahsınıb, Mədəniyyət Nazirliyinin keçirdiyi tərcümə müsabiqəsinə əsər təqdim eləmişdim. Orda komissiya üzvlərindən birinin, konkret olaraq, məni sıradan çıxarmaq üçün necə hoqqalar verdiyini öyrənəndə əlim üzümdə qalmışdı. Özü də ədalətsizcəsinə və mənim tərcümələrimin keyfiyyətini bilə-bilə! Bu adam təkbaşına bütün digər komissiya üzvlərinin üzünü yenməyi bacarmışdı. 

İnsanlar müsabiqə komissiyalarına inanmır, bu böyük problemdir. Komissiyalar da insanların ən pis təxminlərini və gümanlarını dogrultmaq üçün hər şey edirlər. Ağzıbütöv, sözübütöv, ədəbiyyatdan, sənətdən başı çıxan, qərəzsiz, vicdanlı bir neçə adam tapmaq nə çətin işdir axı? Niyə eyni adamlar ölkədə təşkil edilən bütün komissiyaların içindən zühur eləyirlər?

Əziz dostlar, gözəl insanlar, ədalətli ədəbiyyat müsabiqəsi təşkil etmək çətin deyil. Bizim şəraitdə nə qədər inanılmaz görsənsə də!”

Etimad Başkeçidin fikrincə, əvvəla, müsabiqənin məqsədi və hədəfi müəyyənləşməlidir: “Bu müsabiqə nə üçün keçirilir? Biz yeni müəlliflər, təzə imzalar üzə çıxarmaq istəyirik, yoxsa hansısa janrı populyarlaşdırmaq məqsədi güdürük? Müsabiqəni kimlər üçün keçiririk: yeni yazmağa başlayan müəlliflər, yeniyetmələr, professionallar üçün, yoxsa?.. Hansı janrlardan söhbət gedir: nəsr, poeziya, fentezi, qarışıq janr? Bu detallar müəyyənləşməsə, dəyərləndirmələrdə böyük bir hərc-mərclik yaranır. Həmişə oldugi kimi. Bütün bunlar onunçün lazımdır ki, müəlliflər kriteriyaları bilsin; jüri isə öz yanaşmasını formalaşdırsın.  

Başqa bir məqam: müəlliflərin anonimliyi gözlənilməli və təmin olunmalıdır. Burada ədalət prinsipinin ən əsas elementi budur: müəlliflər mətni imzasız göndərir; təşkilatçı mətnləri nömrələyir; jüri yalnız kodlaşmış, imzasız mətnə işləyir. Beləcə şəxsi simpatiyalar, tanınmışlıq-filan kimi elementlər ortadan qalxmış olur”.

Etimad Başkeçid bildirib ki, dəyərləndirmələrin mümkün qədər dəqiq kriteriyaları müəyyənləşməlidir: “Məsələn, dilin ifadəliliyi, süjet və kompozisiyanın məntiqi, dinamikası, ideyanın orijinallığı və başqa bu kimi məsələlərin hər biri üzrə 1-dən 10-a qədər ballar qoyula bilər.

Komissiya üzvlərinin hər biri mətni ayrıca oxumalıdır, bir yerə toplaşıb “gəlin bunu belə eləyək, onu elə eləyək” deyə hərə öz namizədini sırımağa çalışmamalıdır.

Ən əsası, barıt quru olmalıdır – bir işi həvalə etdiyiniz adamların, jüri üzvlərinin möcüzəvi şəkildə qərəzsiz olması, qaydalara doğru-dürüst riayət eləməsi nəzərdə tutulur. Bunsuz heç başlamağa dəyməz. Onsuz da zaman keçir, əvvəl-axır hər şey hər kəsə bəlli olur!”

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun