Medianews.az
Vaşinqtonda liderlər sammiti –
252 baxış

Vaşinqtonda liderlər sammiti – Prezident İlham Əliyevin iştirakı gözlənilir

Fevralın 19-u ABŞ-ın paytaxtı Vaşinqtonda Sülh Şurası liderlərinin ilk sammiti keçiriləcək.

Medianews.az xatırladır ki, Azərbaycan Sülh Şurasının təsisçilərindəndir, bu baxımdan, hələlik rəsmi məlumat yayılmasa da, Prezident İlham Əliyevin Vaşinqton sammitində iştirakı gözləniləndir.

Sülh Şurasının üzvləri sırasında Ermənistan da var. Böyük ehtimalla bu ölkənin baş naziri Nikol Paşinyan da Vaşinqtona səfər edəcək.

Beləliklə, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün baş tutacağını, onların arasında ən azı fikir mübadiləsi aparılacağını güman etmək mümkündür.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının nizamnaməsi bu il yanvarın 22-də İsveçrənin Davos şəhərində imzalanıb. İmza mərasimi Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və başqa dövlət, hökumət başçılarının iştirakı ilə reallaşıb.

Sülh Şurası əvvəlcə İsrail-Fələstin münaqişəsinə son qoymaq və Qəzza sektorunun yenidən qurulmasını təmin etmək məqsədilə ABŞ-ın hazırladığı 20 maddəlik sülh planının bir hissəsi kimi təklif olunsa da, nizamnamədə Qəzza sektorundan bəhs olunmur, dünyada münaqişələrin həllinə yardım üzrə BMT-nin onilliklərdir oynadığı rolu əks etdirən görüşlər yer alır. Bəzi ekspertlər Sülh Şurasını “Donald Trampın BMT-si” də adlandırırlar.

Sülh Şurasının loqotipi BMT-nin loqotipinə bənzəyir. Fərq də var: BMT-nin loqotipində bütün qitələr, Sülh Şurasının loqotipində isə Şimali Amerika və Mərkəzi Amerika ilə Cənubi Amerikanın bəzi bölgələri əks olunub.

Sülh Şurasının sədri Donald Trampdır. Onun Sülh Şurasının sədri olması məsələsi birbaşa şuranın nizamnaməsində yazılıb. Eyni zamanda qeyd olunub ki, Donald Tramp ABŞ-nin bu şurada ilk nümayəndəsidir.

Sülh Şurasında sədr müstəsna səlahiyyətlərə malikdir.

Medianews.az

Bizə qoşulun