Medianews.az
Tramp yeni vəzifəyə yiyələndi – Müstəsna səlahiyyətləri var -
134 baxış

Tramp yeni vəzifəyə yiyələndi – Müstəsna səlahiyyətləri var - DETALLAR

Bu gündən ABŞ Prezidenti Donald Trampın beynəlxalq əhəmiyyətli bir vəzifəsi də var: Sülh Şurasının sədri.

Medianews.az bildirir ki, Donald Trampın Sülh Şurasının sədri olması məsələsi birbaşa şuranın nizamnaməsində yazılıb. Eyni zamanda qeyd olunub ki, Donald Tramp ABŞ-nin bu şurada ilk nümayəndəsidir.

Nizamnaməyə əsasən, Sülh Şurasının sədri müstəsna səlahiyyətlərə malikdir:

Şuraya yalnız sədrin dəvət etdiyi dövlətlər üzv ola bilər.

Dövlətlərin üzvlük müddətini uzatmaq və ya bitirmək səlahiyyəti sədrə məxsusdur.

Sədr istənilən dövləti üzvlükdən çıxara bilər; bu qərar yalnız üzvlərin üçdə iki səs çoxluğu ilə ləğv oluna bilər.

Sədr şurada köməkçi və tabe strukturlar yarada, onları dəyişdirə və ya ləğv edə bilər.

Sədr istədiyi vaxt alt komitələr yarada, onların mandatını, strukturunu və idarəçilik qaydalarını müəyyən edə bilər.

Sülh Şurasının icra orqanının – İcraedici Şuranın üzvlərini birbaşa sədr seçir. Sədr onları vəzifədən kənarlaşdıra, səlahiyyət müddətini uzada bilər. Baş icraçı direktor sədr tərəfindən təyin olunur.

İcraedici Şuranın qəbul etdiyi istənilən qərarı sədr istənilən vaxt ləğv edə bilər.

Sülh Şurasında qəbul edilən qərarlar yalnız sədrin təsdiqi ilə qüvvəyə minir.

Sədr bərabər səs halında həlledici səsə malikdir.

Sədr Şuranın iclaslarının vaxtını, yerini, gündəliyinin təsdiqini müəyyən edir.

Dövlətlərin iclaslarda alternativ yüksək vəzifəli şəxslə təmsil olunması yalnız sədrin razılığı ilə mümkündür.

Sədr regional və beynəlxalq təşkilatları öz şərtləri ilə iclaslara dəvət edə bilər.

Sədr nizamnamənin şərhi və tətbiqi üzrə son instansiyadır. O, daxili mübahisələrdə yekun qərar verən şəxsdir.

Sədr şura adından qətnamələr və direktivlər qəbul edə, sülh missiyalarının icrası üçün hüquqi aktlar çıxara bilər.

Sədr öz varisini şəxsən təyin edir. Sədr vəzifədən gedəndə və ya onun fəaliyyət qabiliyyətsizliyi halında İcraedici Şuranın yekdil qərarı ilə sədrin təyin etdiyi varis avtomatik olaraq bütün səlahiyyətləri alır.

Sədr Sülh Şurasının fəaliyyətini müddətsiz davam etdirməsinə və ya tam buraxılmasına təkbaşına qərar verə bilər.

Sədr zəruri və ya məqsədəuyğun hesab etdiyi istənilən vaxt Sülh Şurasını ləğv edə bilər.

Şuranın rəsmi möhürü yalnız sədr tərəfindən təsdiqlənir.

Xatırladaq ki, Sülh Şurası Trampın təşəbbüsü irəli yaradılıb, nizamnaməsi yanvarın 22-də İsveçrənin Davos şəhərində bir sıra ölkələrin rəhbərlərinin iştirakı ilə imzalanıb.

Sülh Şurası əvvəlcə İsrail-Fələstin münaqişəsinə son qoymaq və Qəzza sektorunun yenidən qurulmasını təmin etmək məqsədilə ABŞ tərəfindən hazırlanan 20 maddəlik sülh planının bir hissəsi kimi təklif olunsa da, nizamnamədə Qəzza sektorundan bəhs olunmur. Bunun əvəzinə, orada bütün dünyada münaqişələrin həllinə yardım üzrə BMT-nin onilliklərdir oynadığı rolu əks etdirən görüşlər yer alıb.

Ekspertlər Sülh Şurasını “Donald Trampın BMT-si” adlandırırlar.

Davosda Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində çıxış edərkən Tramp deyib ki, BMT-nin böyük potensialı var, amma ondan istifadə etmir.

ABŞ Prezidentinin sözlərinə görə, o, sona çatdırdığı səkkiz müharibənin heç biri barədə BMT ilə danışmayıb. Donald Tramp əlavə edib ki, BMT kifayət qədər səy göstərməyib və həmin müharibələri bitirə bilməyib.

Medianews.az qeyd edir ki, Sülh Şurasının loqotipi BMT-nin loqotipinə bənzəyir. Fərq orasındadır ki, BMT-nin loqotipində bütün qitələr, Sülh Şurasının loqotipində isə Şimali Amerika və Mərkəzi Amerika ilə Cənubi Amerikanın bəzi bölgələri əks olunub.

1946-cı il təvəllüdlü Donald Tramp 2017-2021-ci illərdə ABŞ Prezidenti olub, 2025-ci il yanvarın 20-dən yenidən bu ölkənin rəhbəridir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun