Medianews.az
“Van minut”dan 16 il 5 ay sonra yada düşən 111 ilin olayı
113 baxış

“Van minut”dan 16 il 5 ay sonra yada düşən 111 ilin olayı

Zaman dəyişdikcə dövlətlər arasındakı münasibətlər də dəyişir, müttəfiqlik büsatları zədələnir, düşmənçiliklər səngiyir, yeni ittifaqlar və yeni intriqalar yaranır.

1941-45-ci ildə Rusiya və Ukrayna birlikdə nasist Almaniyasına qalib gəlmişdisə, bu gün bir-biri ilə vuruşurlar.

II dünya müharibəsində SSRİ adlanan Rusiya imperiyası ilə müttəfiq olan, Moskvaya silah, pul ərzaq verən ABŞ və İngiltərə bu gün Moskvanı vurana silah, pul verir.

Dünənə qədər Polşa ilə Ukrayna can bir qəlbdə idisə, bu gün köhnə dostluq pozulub, hər iki dövlətin rəhbərləri bir-birindən aldıqları orden-medalları geri qaytarırlar.

Ötən əsrin ortalarında müsəlman dünyası ilə düşmən olan İsrail dövlətinə regionda normal yanaşan yalnız İran və Türkiyə idisə, bu gün hər ikisi İsraillə qarşılıqlı düşmənçilik mövqeyindədirlər. Bunun əvəzində indi ərəb-müsəlman dövlətləri İsraillə anlaşmağa, dinc, yanaşı yaşamağa meylləniblər.

Şah Pəhləvinin dövründə İsraillə İranın müttəfiqliyinin necə barışmaz düşmənçiliyə çevrilməsi və gərginliyin hansı şiddətdə olması heç kəsə sirr deyil, amma Türkiyə ilə İsrailin münasibətlərinin bu hala gəlməsi yeni və gözlənilməzdir.

Bu intriqanın təməli 2009-cu ilin yanvar ayının 29-da, İsveçrənin Davos şəhərində atılıb. Həmin vaxt İsrail prezidenti Şimon Pereslə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında Fələstinə görə başlanan və tarixə “van minut” qalmaqalı kimi keçən mübahisə dərinləşərək, genişlənərək indiki halına gəlib.

İş o yerə gəlib çıxıb ki, son 50 ildə bir çox beynəlxalq platformalarda qondarma “erməni soyqırımı” iddialarını bloklayan yəhudi dövləti bu gün özü onu tanıdığını bəyan edir. Düzdür, ortada parlament tərəfindən qəbul edilmiş qanun layihəsi yoxdur, amma dövlət rəsmilərinin qəbul etdiyi qətnamə var.

İsrail “van minut”dan keçən 16 il 5 ayda “erməni soyqırım”nı tanıyan ölkələrin sırasına qoşulmaqdan imtina etsə də, bu il artıq Türkiyə rəhbərliyinin regional siyasətinə bu cür cavab verməyi qərara alıb.

Bu, acığa siyasət yeritməkdir və İsrailn baş naziri Binyamin Netanyahunun iradəsinin məhsuludur. Qətnamə layihəsini başqası, nazirlərdən biri hazırlamış ola bilər, amma təşəbbüs baş nazirdən gəlir.

neter.jpg (131 KB)

Bu şəxs (Netanyahu) heç bir məsələdə heç kəsə güzəştə getməyən, münasibətləri gərginləşdirməyi, düşmənçilikləri dərinləşdirməyi sevən, ən radikal (o cümlədən kütləvi qırğınlara) tədbirlərə əl atmaqdan çəkinməyən, buna görə də Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən "Qəzza zolağında müharibə cinayətləri ilə əlaqədar" həbsinə order verilən biridir.

Ancaq burası da yəqindir ki, İsraildə Netanyahunun Türkiyəyə yönəlik fikirlərini bölüşməyən siyasətçilər də var. Eyni zamanda Türkiyədə İsraillə münasibətlərin geridönməz şəkildə pozulmasına qarşı çıxanlar da mövcuddur.

Təl-Əvivin bu cür radikal qərarları isə həm Türkiyədə, həm də ölkəmizdə İsrailə tolerant yanaşan, onun bölgədə müharibəsiz yaşamaq haqqını tanıyan ictimai-siyasi qüvvələrin rəyini pisə doğru dəyişmək gücündədir.

Bu da başqa söhbətdir ki, Türkiyə son illərdə Fələstin məsələsini öz məhək daşına çevirib. Bu məsələdə rəsmi Ankara rəsmi Tehranla eyni mövqedədir. Düzdür, Netanyahunun Qəzza zolağında yeritdiyi siyasət Avropa ölkələrinin çoxunda da qınanılır, pislənilir, amma onlar Türkiyə və İran kimi kəskin mövqe tutmurlar.

Bir çox müşahidəçilər düşünür ki, həm İran, həm də Türkiyə Fələstin-Qəzza xalqının müdafiəsi işində öncəliyi Səudiyyə Ərəbistanı başda olmaqla sayları 20-yə çatan ərəb ölkələrinə versələr, daha yaxşı olardı. Ancaq o ölkələr də öz dindaş və soydaşlarına sahib çıxmağa tələsmirlər, bu işdə maraqlı görünmürlər, məsələyə “suda boğulanın xilası öz əllərindədir” devizi ilə yanaşırlar.

Bu siyasətin nəticəsi isə budur: ərəb dövlətləri bir kənarda qalıb, İsraillə düşmən olan İran od içindədir, Türkiyə isə oda doğru sürüklənir.

Belə bir iddia da var ki, İran və Türkiyənin pro-Fələstin və anti-İsrail siyasətinin məramı regionda söz sahibi olmaq, müsəlman dünyasının liderinə çevilməkdir. Belədirsə, bu xətt fiaskoya məhkumdur. Çünki İran və Türkiyə Fələstini İsrailin caynağından xilas edərək müstəqil və firavan dövlətə çevirsələr də, digər ərəb dövlətləri onların böyüklüyünü qəbul etməyəcəklər və müvafiq xidmətlərini lazımınca qiymətləndirməyəcəklər. Onların hər biri, xüsusilə də neft milyardları ilə hüdudsuz sərvətə yiyələnmiş sülalə rejimləri özlərini regionun kralı sayırlar.

Bu baxımdan milyon dəfə təkrar edilmiş “siyasətdə əbədi dostluqlar yoxdur, əbədi mənafelər var” fikri bu məsələdə də aktualdır.

Xalid KAZIMLI

Bizə qoşulun