Dekabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatı, Səbael Rayon Məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib.
Bu həbs qətimkan tədbirinin müddəti 2026-cı il fevralın 13-də başa çatacaq. Çünki Əli Kərimli noyabrın 29-da saxlanılıb. Həbs qətimkan tədbirinin müddəti onun saxlandığı tarixdən hesablanır.
Medianews.az bildirir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin də müddəti 2026-cı ildə eyni gündə başa çatacaq.
Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Qərarı Səbail Rayon Məhkəməsi DTX-nin təqdimatı əsasında oktyabrın 14-də verib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirləndirilir: 278.1, 274 və 193-1.3.2-ci maddələr.
Əli Kərimliyə bu maddələrdən biri (278.1) ilə ittiham verilib.
AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə təqsirləndirilir. Məmməd İbrahim Əli Kərimli ilə eyni gündə saxlanılıb, barəsində DTX-nin təqdimatı, Səbael Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib. Yəni onun da həbs qətimkan tədbirinin müddəti 2026-cı il fevralın 13-də başa çatacaq.
Cinayət Məcəlləsinin 278.1-ci maddəsi Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.