“Wildberries”ə endirilən zərbələr müharibəni Rusiyanın gündəlik iqtisadiyyatının böhranına çevirir.
Ukrayna pilotsuz uçuş aparatlarının hücumundan sonra “Wildberries” şirkətinin Krasnodar və Nevinnomısskdakı logistika mərkəzləri, həmçinin Armavirdəki neft bazası alovlanıb. Krasnodarda anbar əməkdaşı olan bir qadın həlak olub, daha üç nəfər yaralanıb. Bundan bir neçə gün əvvəl şirkətin Kotovsk və Elektrostaldakı obyektlərinə endirilən zərbələr səkkiz işçinin ölümünə və onlarca insanın yaralanmasına səbəb olmuşdu.
Bu artıq tək-tək hücum deyil, silsilə xarakter daşıyır.
“Wildberries” Rusiyanın ən iri marketpleysidir.
Marketpleys - üçüncü tərəflərin məhsulları və ya xidmətləri haqqında məlumat verən elektron ticarət platforması, virtual ticarət platforması deməkdir.
2025-ci ildə Rusiyada elektron ticarətin həcmi isə 11.5 trilyon rubla çatıb. Eyni vaxtda bir neçə ən iri paylayıcı mərkəzin sıradan çıxarılması korporasiyaya, nəqliyyat şirkətlərinə və malları anbarlarda saxlanılan minlərlə satıcıya təsir edir. Artıq zərər çəkmiş biznesə altı aylıq vergi möhlətinin verilməsi təşəbbüsü qaldırılıb.
Sistemin əsas zəif nöqtəsi - malların nəhəng, hərəkətsiz və zirehsiz komplekslərdə cəmləşməsidir. Böhranın yaranması üçün “Wildberries”in təxminən 200 obyektinin hamısını məhv etmək tələb olunmur. Satıcıların malları marketpleyslərdə yerləşdirməyi biznesin tam itirilməsi riski kimi qəbul etməyə başlaması üçün əsas qovşaqları müntəzəm olaraq vurmaq kifayətdir.
Yanğından sonra sahibkar eyni zamanda həm malsız, həm bank kreditləri ilə, həm də alıcılar qarşısında öhdəliklərlə baş-başa qala bilər. Zərbə fors-major kimi tanınarsa, marketpleys tam kompensasiya ödəməyə borclu deyil. Bu cür itkilərin ödənilməsi üçün dövlət mexanizmi də hələlik təqdim edilməyib.
Rusiya hakimiyyətinin cavabı faktiki olaraq dövlətin iqtisadi infrastrukturu mərkəzləşdirilmiş qaydada qorumaq iqtidarında olmadığını təsdiqləyir. RBK-nın məlumatına görə, özəl şirkətlərə zenit artilleriya kompleksləri, iriçaplı pulemyotlar, radiolokasiya stansiyaları, radioelektron mübarizə vasitələri və tutucu dronlar əldə etməyə icazə verilib. Bu mexanizm Vladimir Putinin yanında müzakirə edilib.
Beləliklə, anbarların, neft bazalarının və zavodların mühafizəsi qismən biznesin öz üzərinə qoyulur. Normal ticarət üçün indi təkcə sürücülər və anbarçılar deyil, həm də zenit qurğularının heyətləri, radar operatorları və anti-dron bölmələri tələb olunur. Bu artıq dinc iqtisadiyyat deyil, kommersiya sektorunun tədricən hərbiləşdirilməsidir.
Sistem böhranı xüsusilə Krımda nəzərə çarpır. Burada energetika obyektlərinə zərbələrdən sonra ciddi kəsintilər Kerç, Simferopol, Evpatoriya, Cankoy və Krasnoperekopska təsir edib. Elektrik enerjisinin söndürülməsi su və yanacaq qıtlığı, mağazaların, bankomatların və turizm infrastrukturunun işindəki pozuntularla müşayiət olunur.
Yanacaq böhranı fonunda “Yedinaya Rossiya” fraksiyasının rəhbər müavini Andrey İsayev vətəndaşları “incik yeniyetmələr kimi davranmamağa” çağırıb. O, qıtlığı NEZ-lərə endirilən zərbələrlə izah edib və əmin edib ki, müəssisələr tezliklə işə qayıdacaq, yanacaq ixracı isə artıq məhdudlaşdırılıb.
Lakin problem artıq yanacaq çərçivəsindən çıxıb. Eyni zamanda NEZ-lər, neft bazaları, logistika mərkəzləri, limanlar, gəmilər və energetika infrastrukturu vurulur. Hər bir ayrı obyekti bərpa etmək olar, lakin sistem pul, HHM vasitələri və administrativ tədbirlərlə eyni vaxtda kompensasiya edə biləcəyindən daha çox böhranla üz-üzə qalır.
Elçin Alıoğlu,
politoloq