Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, administrasiyanın sabiq əməkdaşı Eldar Əmirov, AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim barəsində seçilmiş qətimkan tədbirlərinin müddəti bu ay başa çatır.
Medianews.az bildirir ki, qətimkan tədbirləri Dövlət Təhlükəsizliyi Xidmətinin 2025-ci ilin oktyabrında başladığı cinayət işinin istintaqı çərçivəsində seçilib.
Hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmaqda ittiham olunan Ramiz Mehdiyev 2025-ci ilin oktyabrında ev dustaqlığına alınıb.
Noyabr ayında isə əvvəlcə Eldar Əmirov, daha sonra Əli Kərimli və Məmməd İbrahim tutulub. Onların barəsində həbs qətimkan tədbirləri seçilib.
Əli Kərimli və Məmməd İbrahim hakimiyyəti zorla ələ keçirmə cəhdində, Eldar Əmirov həmçinin hakimiyyəti zorla ələ keçirmə cəhdinə kömək göstərməkdə təqsirləndirilir. Hər üç şəxs DTX-nin istintaq təcridxanasında saxlanır.
2026-cı ilin fevralında həm Ramiz Mehdiyevin ev dustaqlığı, həm də Əli Kərimli, Məmməd İbrahim və Eldar Əmirov barəsində seçilmiş həbsin müddəti iyunun 14-dək uzadılıb.
İstintaq müddətinin artırılıb-artırılmayacağı hələ bilinmir.
Müddətin uzadılması üçün istintaq orqanının məhkəməyə müraciət ünvanlaması, məhkəmənin həmin təqdimata, yaxud təqdimatlara baxaraq yeni qərar qəbul etməsi lazımdır.
İstintaq orqanı müddətin uzadılmasına ehtiyac duymadığı halda isə ibtidai istintaqın başa çatması və işin məhkəməyə təqdim olunması barədə qərar qəbul etməlidir.
Beləliklə, istənilən halda bu ay Ramiz Mehdiyev, Əli Kərimli, Məmməd İbrahim və Eldar Əmirov barəsində qərar qəbul olunmalıdır.
DTX bu iş üzrə baş nazirin sabiq birinci müavini Abbas Abbasova, AXCP funksioneri Fuad Qəhrəmanlıya və jurnalist Qənimət Zahidə də ittiham elan edib. Onların hakimiyyəti zorla ələ keçirmə cəhdində təqsirləndirildiyi, xaricdə istintaqdan gizləndikləri üçün axtarışa verildiyi, barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçildiyi açıqlanıb.
Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinə görə, xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq cinayət işinin başlanmasından ən geci 4 ay keçdikdən sonra başa çatmalıdır. Bu müddət 4 aydan çox olmayan müddətə uzadıla bilər.
Cinayət işinin xüsusi mürəkkəbliyi ilə əlaqədar daha 5 aydan çox olmayan müddətə, müstəsna mürəkkəbliyi ilə daha 6 aydan çox olmayan müddətə uzadılma mümkündür. Ümumi istintaq müddəti 19 ayı aşa bilməz.