Azərbaycanda yod çatışmazlığı mövzusu tez-tez gündəmə gəlir və bir çox insan bu mikroelementin əskikliyini aradan qaldırmaq üçün yodlaşdırılmış duzdan istifadə edir. Halbuki gündəlik qidalanmada yodla zəngin olan çoxsaylı təbii məhsullar mövcuddur və onlar qalxanabənzər vəzin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, həkimlər yodun qalxanabənzər vəzin hormon balansı üçün əsas elementlərdən biri olduğunu bildirirlər.
Qalxanabənzər vəzi endokrin sistemin əsas orqanlarından biri hesab olunur və onun normal fəaliyyəti üçün müntəzəm qida dəstəyinə ehtiyac var. Terapevt həkim Sapiyat Əhmədova öz tövsiyələrində bu vəzin “qidalanmasının” düzgün qurulmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, yod tiroksin (T4) və triiodtironin (T3) hormonlarının sintezi üçün əvəzolunmazdır.
Mütəxəssis yodla zəngin olan məhsulların siyahısını da paylaşıb. Bu siyahıda xüsusilə dəniz yosunları diqqət çəkir – onların 100 qramında 16-dan 2900 mikroqrama qədər yod ola bilər. Treska balığı da yaxşı mənbə sayılır və təxminən 3 qram balıqda 99 mikroqram yod mövcuddur.
Həkimin sözlərinə görə, yumurta da gündəlik rasionda faydalı seçimdir, çünki bir yumurtada orta hesabla 24 mikroqram yod var. Bundan əlavə, omar ətində təxminən 100 mikroqram, ananasda isə 45 mikroqram yod olduğu bildirilir. Qara gavalı da az miqdarda – 5 qramda 13 mikroqram yodla rasionu zənginləşdirə bilər.
Yodla zəngin digər məhsullar sırasında adi lobya (32 mikroqram), krevetlər (85 qramda 35 mikroqram) və hinduşka filesi (34 mikroqram) də yer alır. Bu qidalar həm balanslı qidalanmaya, həm də qalxanabənzər vəzin normal fəaliyyətinə töhfə verir.
Mütəxəssis qeyd edib ki, qalxanabənzər vəzin sağlamlığını qorumaq üçün gündəlik yod tələbatı təxminən 150 mikroqram təşkil edir. Bununla yanaşı, orqanın düzgün işləməsi üçün selen, dəmir, sink və C vitamini kimi digər vacib maddələrin də kifayət qədər qəbul edilməsi tövsiyə olunur.