Medianews.az
“O Tramp rindü-şeydadır...” –
54 baxış

“O Tramp rindü-şeydadır...” – Füzuliyə parodiya

Srağagün mənə bir qəzəl parodiyası göndəriblər (axırda əlavə olunacaq). Müəllif Füzulini təqlid edib, ən məşhur qəzəlinə parodiya yazıb.

İnşallah, indiki cavanlar Füzulini tanıyır. Hə, bu adda rayon var. O heç. Amma Füzuli orta əsrlərdə yaşamış böyük şair olub, “Leyli və Məcnun” poemasını yazıb. Sənətkar saray şairi olmayıb, amma dissidentlik də etməyib, öz dövrünün sosial-iqtisadi problemlərindən yazmayıb, hökumətə qarşı çıxıb tutulanlardan ötrü sultana müraciət ünvanlamayıb. Yəni siyasətə qarışmayıb, başını aşağı salıb eşq qəzəlləri yazıb. (Bu, gənc tənqidçilər üçün ideya ola bilər, qoy xırdalasınlar ki, ictimai-siyasi fəallığı olmayan şair niyə bu qədər sevilməlidir). Bu da heç.

Amma onun məşhur qəzəlinə parodiya yazan eloğlunun klaviaturaya aldığı mətn siyasətə, müharibəyə dairdir. Özü yazır ki, təqlid belə olur – satirikdirsə, parodiyadır, ciddidirsə - nəzirə.

Düzü, indiyədək təqlid deyəndə başqasının hərəkət, rəftar, danışıq və ya işlərini yamsılamaq, eynilə təkrar etməyin nəzərdə tutulduğunu bilirdim. Amma son illərdə bu kəlmənin dini mənası daha məşhurdur. Dini məsələlərdə mütəxəssis olmayan şəxsin (avam) alimə (müctəhidə) tabe olmasına “təqlid etmək” deyirlər. Heç demə, “mən Sistaniyə təqlid edirəm”, “mən Xamneyiyə təqlid edirəm” deyənlər özlərini avam, adı çəkilənləri isə müctəhid sayırmışlar.

Salamatı avam olmamaq, savadlı olmaq və heç kəsə təqlid etməməkdir (Yalnız arada Nizamini, Füzulini, Seyid Əzimi təqlid etmək olar). Məsələn, Allah göstərməsin, Trampın təqlidçiləri də ortaya çıxsa, dünyanın halı necə olar, özünüz təsəvvür edin.

Əslinə qalsa, hazırda Yaxın Şərqdə, konkret olaraq, İranda gedən müharibənin özü də köhnə müharibələrə parodiyadır. Piyadalar səngərə girib atışmırlar. Əsasən komandanlar, komandirlər vurulur. Bax, İranın ali baş komandanından sonra indi də İsrailin ali baş komandanının - Benyamin Netanyahunun vurulduğu deyilir. Adam 1 sutkadan çoxdur ki, ortalıqda yoxdur. Bu da şayiələrə səbəb olub. Hətta bir məşhur adam İsrail hökumətinə dirəşib ki, ölməyibsə, çıxın, təkzib edin.

Bu tərəfdə yeni ali dini rəhbər Müctəbanın da yeni kadrlarının olmaması şayiələr, konspiroloji versiyalar doğurub. Deyilənə görə, o bunkerdə yaralanıb və onu müalicə üçün Moskvaya aparıblar.

Belə söhbətlərin ortaya çıxması bir baxımdan təbiidir. 6-7 il qabaq Qurbanqulu Berdımühəmmədov 10-15 gün telekanallarda görünmədi, kişinin adına söz çıxardılar. Yazırdılar ki, adam salamat deyil. Amma bir gün Berdımühəmmədov başında ağ kepka, əynində cins şalvar və tennis köynəyi, əlində gitara, çıxıb mahnı oxudu və bütün şayiələrə son qoydu.

Bəzən Putin də üzrlü səbəbdən yoxa çıxır, şayiələr baş alıb gedir, amma sonra cənab cavanlaşmış, üzünün qırışları yox olmuş şəkildə qayıdır, düşmənlərinin bağrını çatladır.

İndi görək Netanyahu və Müctəba necə qayıdacaq. Müharibədir, ölüm-itim dünyasıdır, hər şey ola bilər. Əgər Tramp regionda olsaydı, onun da “öldürüldüyü” barədə söhbətlər çıxardı. Hərçənd ser çox şanslı adamdır. 2024-də başına atılan güllə qulağını yalayıb keçmədimi? Kim olsaydı, indi həmin yerdə heykəlini qoymuşdular, pyedastalına da gül düzürdülər.

Xüləs, birinci cümlədə anonsunu verdiyim qəzəl-parodiya aşağıdakı kimidir:

Dünyanı lap usandırdı, cəfadan ser usanmazmı?
Bunkerlər yandı raketdən, körfəzdə gəmi yanmazmı?

Pünhan tuturdu uranı, sıxışdırdılar İranı,
İnandrmadı Tehranı, adam Benə inanmazmı?

Verilib savaş fərmanı, vururlar Yəzdi, Kirmanı
Allah da qılmır dərmanı, xalqı bəşərdən sanmazmı?

Şəhərlər od tutub yanır, raket uşaq, qadın qanır?
Əfqan xalqı da oyanır, İran xalqı oyanmazmı?

Tehran da qonşuya qarşı, çaldırır hey döyüş marşı.
Bu nə pəhriz, bu nə turşu, öcəşməkdən usanmazmı?

Deyildik biz ona mail, etdi günümüzü zail.
Millətə qəsd edən qatil üst dərgahda utanmazmı?

Dönək, baxaq İsrailə, döndərib Qəzzanı külə.
Bu gedişlə getsə belə, öz qanına boyanmazmı?

O Tramp rindü-şeydadır, iştahı dünya boydadır.
Sorun, serdə nə qaydadır, tormoz edib dayanmazmı?

Samir SARI 

Bizə qoşulun