Məlum olduğu kimi, Azərbaycanda yeganə regional mobil rabitə operatoru olan “Naxtel” fəaliyyətini dayandırır. Naxçıvan Muxtar Respublikasında yerləşən “Naxtel” MMC sentyabrın 1-də bununla bağlı abunəçilərinə xəbərdarlıq edib, dekabr ayının 1-dək telekommunikasiya xidmətlərini tam dayandıracağını bildirib, abunəçilərə hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına müraciət etmələrini məsləhət görüb.
Azərbaycanda “Naxtel”dən başqa cəmi üç mobil rabitə operatoru var: “Azercell”, “Bakcell”, “Nar”.
Medianews.az-ın məlumatına görə, “Naxtel” MMC nömrələrin “Azercell”, “Bakcell” və ya “Nar” şəbəkəsinə daşınması üçün müraciət müddətini uzadıb.
Qurum bəyan edib ki, abunəçilərin balansdakı vəsaitlərdən tam istifadə etməsi və mobil operator seçimini daha rahat həyata keçirməsi üçün xidmətlərin dayandırılması və nömrə daşınması tarixlərində dəyişiklik edib. Belə ki, son müraciət tarixi 15 gün uzadılıb. Beləliklə, abunəçilər dekabrın 15-dək “Azercell”, “Bakcell” və “Nar” operatorlarının xüsusi təyin edilmiş mərkəzlərində “Naxtel” nömrəsini istədikləri şəbəkəyə daşıya bilərlər.
“Naxtel” MMC bəyan edib ki, dekabrın 15-dən telekommunikasiya xidmətləri göstərməyi tam dayandıracaq. O vaxtadək digər mobil operatorların şəbəkəsinə keçid etməyən “Naxtel” abunəçilərinin nömrələri istifadədən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SİM kartın balansında qalan istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).
“Naxtel” MMC vurğulayıb ki, dekabrın 15-dək istifadə edilməmiş və silinmiş (sıfırlanmış) vəsaitlərin geri qaytarılması və ya bu vəsaitlər üzrə hər hansı bir məbləğdə kompensasiya ödənilməsinə görə məsuliyyət daşımır və bu kimi tələblərdən imtina etmək hüququna malikdir.
2015-ci ildə yaradılmış “Naxtel” 4-cü nəsil GSM + LTE operatorudur. Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edən “Naxtel”in 130 baza stansiyası var.
Toğrul Əli,
Medianews.az