Türkiyə kinosunun əfsanəvi simalarından olan Metin Akpınar İzmir mərkəzli bir enerji şirkətindəki səhmlərini satışa çıxarıb.
Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, usta sənətçinin bu satışdan təxminən 8 milyon TL gəlir əldə edəcəyi gözlənilir.
Məşhur aktyor bu dəfə yaradıcılığı ilə deyil, investisiya qərarı ilə gündəmə gəlib. Uzun illərdir müxtəlif sektorlara yatırdığı sərmayələrlə diqqət çəkən Akpınarın sözügedən şirkətdə sahib olduğu 476 min 399 ədəd payını satışa çıxardığı bildirilir.
Usta sənətçi təkcə kino karyerası ilə deyil, həm də iş dünyasındakı fəaliyyəti ilə tanınır. Akpınarın yalnız "Borsa İstanbul"da siyahıya alınan şirkətlərdə deyil, həmçinin daşınmaz əmlak, torpaq sahələri və səhiyyə sahələrində də mühüm investisiyaları mövcuddur.
Qeyd edək ki, Metin Akpınarın biznes keçmişi kifayət qədər qədimdir. O, hələ 1992-ci ildə İzmirdə qurulan böyük bir marketlər şəbəkəsinin tərəfdaşlarından biri olub. Bundan əlavə, sənətçinin İzmirdə xəstəxana investisiyalarının da olduğu bildirilir.