“Atam övladlarının bu sənətdə olmasını istəmirdi. Mən 1985-ci ildə Moskvanın Kinematoqrafiya instituna hazırlaşırdım. O vaxt məşhur aktyor Batalov yeni kurs yığırdı. Gəlib bunu atama deyəndə etirazını bildirdi və “qətiyyən olmaz” dedi. O öz çəkdiyi əziyyətləri mənim çəkməyimi istəmirdi. Deyirdi ki, “Rafael də, mən də kişiyəm, sən qadınsan, gedib əziyyət çəkəcəksən, sabah aktrisa olsan həyatın birdən gətirməz”.. O qorxurdu ki, şəxsi həyatımda hansısa problemlərlə üzləşərəm. Çünki aktrisaların həyatı onun gözü qarşısında idi. O müəllim olmağımı istəyirdi. Sənədlərimi Azərbaycan Pedaqoji İnstituta verib, psixologiyanı seçdim. 15 il pedaqoji fəaliyyətlə məşğul oldum, sonra televiziyaya getdim. Bu genetikadır. Baxmayaraq ki, kadrarxasında çalışmışam, amma orada mənim kiçik verilişlərim, rubrikalarım da olub. Daha sonra da incəsənət sahəsinə qayıtmağıma şans yarandı, amma mən getmədim”
Bunu Medianews.az-a açıqlamasında görkəmli aktyor, Xalq artisti Məlik Dadaşovun qızı Gülnarə Dadaşova deyib.

Sənətkarın qızı deyir ki, atası qardaşı qızı, Xalq artisti Brilliant Dadaşovanın sənətinə hər zaman rəğbətlə yanaşıb:
“Brilliant Dadaşovanı çox istəyirdi, ona dəstək olurdu. Brilliant xanım Məlik müəllimin ən sevimli qardaşı qızı idi. Onu öz balası kimi qəbul edirdi. Ümumiyyətlə bütün qardaşı övladlarını öz balaları kimi istəyirdi, amma Brilliant xanımın onun ürəyində xüsusi yeri var idi. Bilirsiniz ki, atam məşq zamanı səhnədə yıxılmışdı. O yıxılandan bir müddət sonra xəstəxanada yatdı.. Danışa bilmirdi.. Kağıza yazıb vermişdi ki, maqnitofonu gətirin.. Bir də orada mənim can qızımın kaseti olsun. Brilliant xanıma “can qızım” deyirdi. Yataq xəstəsi olsa da Brilliant xanımın mahnılarını hiss edirdi, hətta çırtma vururdu, çiyinlərini oynadırdı, reaksiya verirdi. Amma danışa bilmirdi”.

Gülnarə Dadaşova bildirib ki, Dadaşovlar nəslində hələ də istedadlı insanlar yetişir:
“Dadaşovlar nəsli ümumiyyətlə istedadlıdır. Rafaelin qızları Səidə və Leylinin gözəl səsi var. Səidə göz önündədir, amma Leylinin də gözəl aktrisalıq və müğənnilik bacarığı var. Nərmin Kərimbəyova da bizə qohumdur. Atamın qızının övladları var. Yaşları az olsa da biri vokalçıdır, biri də pianoçu. Brilliant xanımın bacısı İradə xanımın nəvəsi Arzu Dadaşova gözəl vokalçı və pianoçudur. Lalə Dadaşovanın nəvəsi Beyxan Dadaşov da 11 yaşında olmasına baxmayaraq gözəl pianoçudur. Bütün müsabiqələrdə, festivallarda çıxış edir və mükafat qazanır. Onun hələ 4 yaşı var idi, pianoda Türkiyənin marşını ifa edirdi. Bu çox çətin bir əsərdir. O gələcəyinə böyük maestro olacaq. İndi də Betxoven, Mozart kimi bəstəkarların əsərlərini ifa edir. Bu genetikadır, qan axır. Mənim oğlum gözəl rəsm əsərləri çəkir, qızım aktrisa olmaq istəyir. Mən də onu başqa istiqamətə yönləndirirəm. İndi bəlkə də atamı başa düşürəm ki, o mənim niyə aktrisa olmağımı istəmirdi? O yolun yolçusu olmaq lazım deyil. Bilmirəm, bəlkə də gələcəyinə nəsə olacaq.. Hələ ki, 15 yaşları var”.
Əli Əsgər
Medianews.az