Həm Ukraynanın, həm də bəzi Qərb analitik mərkəzlərinin də Rusiya ordusunda canlı qüvvə çatışmazlığı barədə müəyyən kəşfiyyat məlumatlarına bağlı qənaətləri mövcuddur... Əgər, bu qənaətlər doğru çıxarsa, Kremlin yaxın vaxtlarda Rusiya ordusunda insan resursları çatışmazlığını kompensasiya etmək üçün radikal addımlar atmağa məcbur qala biləcəyi qətiyyən istisna deyil...
Ukrayna müharibəsi uzandıqca, Rusiya ordusunun canlı qüvvə ehtiyatları ətrafındakı müzakirələr də yenidən gündəmə qayıdır. Belə ki, son vaxtlar rus deputatların açıqlamaları, regional hərbi komissarlıqlarda müşahidə olunan fəallıq və Rusiya ordusunda şəxsi heyət çatışmazlığı barədə məlumatlar Kremlin payız aylarında yeni səfərbərlik dalğasına başlaya biləcəyi ilə bağlı ehtimalları daha da gücləndirib. Halbuki, Rusiya siyasi dairələri belə planların mövcudluğunu hələ də rəsmi şəkildə təkzib edirlər.
Onu da qeyd etmək lazımdır ki, vaxtilə Rusiya Dövlət Dumasının müdafiə və təhlükəsizlik komitəsində fəaliyyət göstərmiş deputat Andrey Qurulyovun açıqlamaları bu baxımdan, böyük maraq doğurur. Onun iddiasına görə, Rusiya hakimiyyətinin yüksək dairələrində yeni genişmiqyaslı səfərbərlik məsələsi artıq fəal şəkildə müzakirə olunur və hətta bununla bağlı prinsipial qərarın qəbul edildiyi barədə məlumatlar dolaşır. Rusiyalı deputatın sözlərindən belə çıxır ki, ölkədə yeni səfərbərliyin bu ilin payız aylarında elan olunması ehtimalı kifayət qədər yüksəkdir.
Ancaq rus deputat eyni zamanda, onu etiraf edib ki, yalnız əlavə insan resurslarının kütləvi şəkildə cəbhəyə göndərilməsi Rusiyanın hərbi problemlərini həll etmək üçün qətiyyən yetərli deyil. Onun fikrincə, əsas problem artıq sadəcə, canlı qüvvə deyil, əksinə, Ukraynanın hücum PUA-ları sayəsində savaşda qazandığı ciddi üstünlükdür. Çünki müasir döyüş taktikası baxımından, zərbə PUA-ları qarşı tərəfin hücum edən hərbi bölmələrinin irəliləməsini əhəmiyyətli dərəcədə çətinləşdirir. Belə ki, müasir hücum PUA-ları logistikanı iflic edir və ön xəttin böyük hissəsini daim nəzarət altında saxlayır.
Əslində, Kremlə yaxın siyasi dairələrdə də artıq geniş şəkildə yayılmış bu etirafa bağlı qənaətlər Rusiya ordusunun son vaxtlar savaş meydanında düşdüyü ağır durumun dolayısı ilə təsdiqi kimi görünür. Belə ki, Rusiya ordusu müəyyən istiqamətlərdə taktiki irəliləyişlər əldə etsə də, bu hərbi uğurlar əslində, böyük itkilər hesabına başa gəlir. Çünki Rusiya ordusunun hər kilometr irəliləyiş üçün sərf olunan canlı qüvvə və texnika itkiləri əvvəlki dövrlərlə müqayisədə xeyli sayda artıb.
Məsələ ondadır ki, son həftələr ərzində yayılan digər məlumatlar da elə bu reallıqları müəyyən mənada, əks etdirir. Həmin məlumatlara görə, Rusiyanın bəzi regionlarında hüquq-mühafizə orqanlarının keçirdiyi reydlər zamanı küçələrdə saxlanılan şəxslərin birbaşa hərbi komissarlıqlara aparıldığı bildirilir. Bu metodla nəzarət altına alınmış Rusiya vətəndaşlarının müqaviləli hərbi xidmətə məcbur edilməsi barədə olduqca ciddi iddialar mövcuddur. Və bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, Rusiya ordusunda hərbi personal çatışmazlığının dərinləşdiyi barədə müzakirələrin daha da intensivləşməsinə yol açıb.
Maraqlıdır ki, Rusiya hərbi dairələrinə bağlı mənbələrin verdiyi məlumata görə, son vaxtlar ölkədə müqavilə əsasında orduya qoşulan könüllülərin sayı əvvəlki templə artmır. Bəzi ehtimallara görə, əgər, bu tendensiya eynilə davam edərsə, Rusiya ordusunun canlı qüvvə itkilərini effektiv şəkildə kompensasiya etmək Kreml üçün getdikcə, daha da çətinləşə bilər. Və məhz ona görə də, hazırda Rusiyada yeni kütləvi səfərbərlik ehtimalı növbəti dəfə siyasi gündəmin əsas mövzularından birinə çevrilməyə başlayıb.
Eyni zamanda, həm Ukrayna tərəfinin, həm də bəzi Qərb analitik mərkəzlərinin də Rusiya ordusunda canlı qüvvə çatışmazlığı ilə bağlı müəyyən kəşfiyyat məlumatlarına bağlı qənaətləri mövcuddur. Belə ki, həmin qənaətlərə görə, Rusiya ordusunun gündəlik canlı qüvvə itkiləri ilə hərbi xidmətə yeni cəlb olunan şəxslərin sayı arasında olduqca ciddi fərqlər yaranmağa başlayıb. Və ona görə də, əgər, bu qənaətlər doğru çıxarsa, Kremlin yaxın vaxtlarda Rusiya ordusunda insan resursları çatışmazlığını kompensasiya etmək üçün əlavə addımlar atmağa məcbur qala biləcəyi qətiyyən istisna deyil.
Bütün bunlarla yanaşı, Rusiya siyasi dairələri Kremlin yeni səfərbərlik planlarını israrla və ardıcıl açıqlamalar ilə inkar edir. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev və Dövlət Dumasının deputatı Viktor Sobolev indiyə qədər dəfələrlə bəyan ediblər ki, ölkədə yeni səfərbərlik nəzərdə tutulmur, ordunun şəxsi heyəti isə əsasən müqaviləli xidmət hesabına formalaşdırılır. Ancaq müşahidələr onu göstərir ki, Rusiyada hüquqi baxımdan, vəziyyət artıq 2022-ci ildə olduğundan tamamilə fərqlidir. Çünki son illərdə qəbul edilən federal qanunlar Kremlə hərbi çağırış ilə bağlı daha geniş inzibati imkanlar yaradıb.
Məsələ ondadır ki, Rusiyada artıq elektron çağırış sistemi istifadəyə verilib, vahid hərbi reyestrlər formalaşdırılıb. Eyni zamanda, hərbi çağırışdan yayınan şəxslərə qarşı bank əməliyyatları, daşınmaz əmlak qeydiyyatı, avtomobil idarəetməsi və digər sahələr üzrə müxtəlif məhdudiyyətlər tətbiq etmək mexanizmləri yaradılıb. Yəni, hazırda mümkün ümumi səfərbərlik üçün hüquqi və texniki infrastruktur əvvəlki illərlə müqayisədə daha sistemli vəziyyətə gətirilib. Bu isə o deməkdir ki, Kremldə siyasi qərar qəbul ediləcəyi təqdirdə, Rusiyada yeni kütləvi hərbi çağırışlar əvvəlkindən daha sürətlə və geniş miqyasda təşkil oluna bilər.
Ancaq bununla belə, Kreml üçün əsas strateji dilemma yalnız hərbi deyil, həm də siyasi xarakter daşıyır. Belə ki, 2022-ci ilin qismən səfərbərliyi Rusiya cəmiyyətdə ciddi narazılıq yaratmışdı, yüz minlərlə insanın bu ölkəni tərk etməsinə səbəb olmuşdu. Üstəlik, indi yeni səfərbərlik qərarı hım də ölkədaxili sosial sabitlik baxımından, olduqca riskli addım hesab edilir. Və məhz ona görə də, Kremlin bu barədə mümkün qərarı sentyabr seçkilərindən sonraya saxlaya biləcəyi ehtimal olunur.
Göründüyü kimi, hazırda hələlik Rusiyada yeni ümumi səfərbərlik barədə rəsmi qərar verilməyib. Ancaq Ukrayna savaşının doğurduğu böyük canlı qüvvə itkiləri, könüllülərin sayındakı azalma, federal qanunvericiliyin ciddi şəkildə sərtləşdirilməsi və Kremlə yaxın siyasi dairələrin dolayısı eyhamları onu göstərir ki, belə bir neqativ ssenari hər halda, tamamilə istisna da deyil. Yəni, əgər, Ukrayna savaşında Rusiyanın düşdüyü ağır vəziyyət dəyişməzsə, onda Kreml payız aylarında yenidən belə bir çətin seçim qarşısında qala bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
