Medianews.az
Kirayə mənzillər 500 manata qalxdı –
1,121 baxış

Kirayə mənzillər 500 manata qalxdı – Sentyabrda vəziyyət necə olacaq?

Yeni tədris ilinə az müddət qalıb və bu, kirayə mənzil bazarında hərəkətliliyi artırıb. Paytaxta gələn tələbələr üçün münasib qiymətə, yaxşı şəraitli ev tapmaq getdikcə çətinləşir. Avqustdan etibarən bazarda müşahidə olunan canlanma qiymətlərin də qalxmasına səbəb olub. Belə ki, kirayə mənizllərin qiyməti 300-500 manat aralığındadır. Maraqlıdır, sentyabrda kirayə ev problemi daha da kəskinləşəcəkmi?

Məsələ ilə bağlı Medianews.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, tələbələrin və gənclərin kirayə mənzil axtarışında aktivliyi bazarda qıtlıq yaradıb. Onun sözlərinə görə, paytaxtda mənzil tapmaq günü-gündən çətinləşir, qiymətlər isə sürətlə yüksəlir.

Ən çox tələbat Bakı şəhərinin mərkəzinə yaxın ərazilərdə müşahidə olunur. “Elmlər Akademiyası”, “28 May”, “Gənclik”, “Nərimanov” metrostansiyalarının ətrafı, həmçinin magistral küçələr və prospektlərə yaxın ünvanlarda qiymətlər daha yüksəkdir. Ekspert qeyd edib ki, şəhər mərkəzindən kənarda maraq nisbətən azalsa da, metro çıxışlarına yaxın ərazilərdə tələb yenə də yüksək olaraq qalır.

Azadovun sözlərinə görə, təkliflərin sayı məhdudlaşdığı üçün vətəndaşlara qərarlarını mümkün qədər tez vermək tövsiyə olunur:

“İcarə müqaviləsi mütləq bağlanmalıdır. Müqavilədə qiymətin ən azı bir il müddətində dəyişməz qalacağına dair qeyd olmalı, evin vəziyyəti ilə bağlı təhvil-təslim aktı tərtib edilməlidir. Hər şeyin rəsmi qaydada aparılması vacibdir. Qanunvericiliyə əsasən, yaşayış yerini dəyişən vətəndaş mütləq şəkildə yeni ünvanda qeydiyyata düşməlidir. Bunun üçün də rəsmi icarə müqaviləsinin olması şərtdir.”

Oğuz Ayvaz

Medianews.az

Bizə qoşulun