ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri fonunda Koreya yarımadasında gərginlik yenidən artıb.
Medianews.az xəbər verir ki, təxminən 18 min hərbçinin iştirak etdiyi “Azadlıq Qalxanı” hərbi təliminə başlanması Şimali Koreyanın sərt reaksiyasına səbəb olub.
ABŞ və Cənubi Koreya illik birgə hərbi təlimləri olan “Azadlıq Qalxanı”nın yeni mərhələsinə start veriblər. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, martın 19-dək davam edəcək təlimlərdə təxminən 18 min Cənubi Koreya əsgəri iştirak edir. Təlimlərdə iştirak edən ABŞ hərbçilərinin sayı isə rəsmi şəkildə açıqlanmayıb.
Təlimlərin vaxtı diqqət çəkir. Bu, ABŞ ilə İran arasında Yaxın Şərqdə gərginliyin artdığı bir dövrə təsadüf edir. Cənubi Koreya mediası Vaşinqton administrasiyasının İrana qarşı mümkün əməliyyatları dəstəkləmək məqsədilə bəzi hərbi aktivləri Koreya yarımadasından Yaxın Şərqə köçürdüyünü iddia edib. ABŞ Koreya Qüvvələri isə təhlükəsizlik səbəbi ilə hərbi texnikanın hərəkəti barədə şərh verməkdən imtina edib.
Təlimlərin başlaması Şimali Koreyada kəskin narazılıq doğurub. Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, ölkə rəhbərliyinə yaxın fiqurlardan biri olan Kim Yo-jong ABŞ və Cənubi Koreyanın hərbi fəaliyyətlərini sərt şəkildə tənqid edib. O bildirib ki, “düşmən qüvvələrin dövlətimizin suveren və təhlükəsizlik zonası yaxınlığında güc nümayişi ağlasığmaz dərəcədə dəhşətli nəticələrə səbəb ola bilər”.
Şimali Koreya rəhbərliyi uzun müddətdir ki, ABŞ və Cənubi Koreyanın birgə təlimlərini “işğal məşqi” kimi qiymətləndirir. Vaşinqton və Seul isə bu təlimlərin tamamilə müdafiə xarakteri daşıdığını bildirir.
Şimali Koreya lideri Kim Jong Un də ABŞ-a yönəlmiş sərt bəyanatla çıxış edib. O bildirib ki, ölkəsinin nüvə imkanları istənilən an istifadəyə hazırdır. Kim açıqlamasında “Nüvə düyməsi həmişə masamın üstündədir. Bütün ABŞ ərazisi nüvə hücumu məsafəmizdədir” ifadəsini işlədib.
Qeyd edək ki, ABŞ və Şimali Koreya arasında diplomatik dialoq 2019-cu ildə keçirilən sammitdən sonra faktiki olaraq dayanıb. Həmin görüşdə Donald Tramp və Kim Çen In arasında nüvə proqramı ilə bağlı razılıq əldə olunmamışdı. Son illərdə Pxenyan nüvə silahı proqramını genişləndirərək hərbi fəaliyyətlərini daha da artırıb.