Medianews.az
İctimai nəqliyyatda yeni qaydalar -
193 baxış

İctimai nəqliyyatda yeni qaydalar - Avtobus sahiblərini və sərnişinləri nə gözləyir?

Bu gün Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri”ni təsdiqləyib.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Medianews.az-a bildirib ki, hökumətin bu qərarı ölkədə ictimai nəqliyyatın idarə olunmasında yeni mərhələnin əsasını təşkil edir.

Ekspertin sözlərinə görə, sənəd dövlət sifarişçisi ilə daşıyıcı arasında hüquq və öhdəlikləri dəqiq müəyyənləşdirməklə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına və xidmətlərin vahid standartlar əsasında göstərilməsinə yönəlib: “Müqavilə mexanizminin tətbiqi daşıyıcıların fəaliyyətinin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsinə imkan yaradacaq. Hesab edirəm ki, bu qərarın ən mühüm üstünlüklərindən biri xidmət keyfiyyətinə görə məsuliyyət mexanizminin gücləndirilməsidir. Daşıyıcıların marşrut cədvəlinə riayət etməsi, avtobus parkının texniki vəziyyəti, təhlükəsizlik, əlçatanlıq və sərnişin məmnuniyyəti kimi meyarların müqavilə öhdəliyinə çevrilməsi ictimai nəqliyyatın davamlı inkişafı baxımından mühüm addımdır.

Eyni zamanda, müqavilələrin icrasına nəzarətin rəqəmsal platformalar üzərindən həyata keçirilməsi, GPS izləmə, elektron bilet sistemi, real vaxt monitorinqi və açıq performans göstəricilərinin tətbiqi bu sənədin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.

Beynəlxalq təcrübə göstərir ki, nəticəyönümlü müqavilələr və rəqəmsal nəzarət mexanizmləri xidmət keyfiyyətinin yüksəldilməsində ən effektiv alətlərdən biridir.

Bununla yanaşı, müqavilələrin icrası zamanı sərnişin məmnuniyyətinin mütəmadi qiymətləndirilməsi, ekoloji tələblərin nəzərə alınması, elektrik və aşağı emissiyalı avtobusların stimullaşdırılması, həmçinin əlilliyi olan şəxslər üçün tam əlçatanlığın təmin edilməsi kimi məsələlərin də prioritet istiqamətlərdən biri olması məqsədəuyğundur.

Ümumilikdə, bu qərar Azərbaycanda müntəzəm sərnişindaşıma xidmətlərinin bazar prinsipləri və dövlət tənzimlənməsi arasında balansın qurulmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və ictimai nəqliyyat sisteminin daha dayanıqlı, şəffaf və rəqabətqabiliyyətli modelə keçidinə mühüm töhfə verəcək”.

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun