Medianews.az
Evlənən az, boşanan çox: niyə belədir? –
289 baxış

Evlənən az, boşanan çox: niyə belədir? – Sosioloq RƏYİ

Azərbaycanda gənclər arasında evlilik yaşının artması, nikah sayının azalması sosial-iqtisadi müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu tendensiya həm maddi çətinliklər, həm də karyera və şəxsi inkişaf prioritetlərinin ön plana çıxması ilə izah olunur. Müasir həyat tərzi və artan məsuliyyətlər ailə qurmaq qərarının daha gec verilməsinə gətirir. Mövcud şəraitdə ailə institutunun möhkəmləndirilməsi üçün dövlətin rolu və dəstək mexanizmləri xüsusi aktuallıq kəsb edir. Ailə institutunun dayanıqlığını artırmaq üçün hansı sosial və iqtisadi dəstək tədbirləri daha effektiv hesab oluna bilər?

Bu barədə Medianews.az-a açıqlamasında sosioloq Nail Cəlil bildirib ki, hazırda gənclər arasında evlilik problemi kifayət qədər aktual xarakter daşıyır.

Onun sözlərinə görə, boşanmaların artması fonunda gənclərin yenidən ailə qurması və gələcək planlar formalaşdırması bir sıra yeni sosial prioritetləri ortaya çıxarır:

“Nikahların azalması təkcə demoqrafik deyil, həm də sosial-iqtisadi proseslərlə birbaşa bağlıdır. Bu tendensiya müəyyən iqtisadi çətinliklərin, göstəricilərin nəticəsi kimi qiymətləndirilə bilər. Ailə institutunda yaranan çətinliklər çox vaxt birbaşa iqtisadi problemlərlə əlaqəlidir. Əgər ailə böhranı müşahidə olunursa, bu, adətən məşğulluq, gəlir səviyyəsi və sosial rifahla bağlı məsələlərin də üzə çıxması deməkdir”.

Sosioloq vurğulayıb ki, Azərbaycanda ümumi rifah səviyyəsi son onilliklərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb:

“Buna baxmayaraq, yoxsulluq, işsizlik və xüsusilə mənzil təminatı kimi problemlər gənclər üçün hələ də ciddi çətinliklər yaradır. Mənzil və məişət şəraitinin həllində yaşanan problemlər həm evliliyin gecikməsinə, həm də boşanmaların artmasına təsir edən əsas faktorlardandır. Eyni zamanda, müasir həyat tərzi, qloballaşma və yeni texnologiyaların inkişafı insanların ailəyə baxışını dəyişir. Gənclərin düşüncə və davranış modelləri indi daha çox rəqəmsal mühit və yeni sosial dəyərlər əsasında formalaşır. Bu da ailə institutuna yanaşmada fərqli meyllərin yaranmasına səbəb olur”.

Nail Cəlil sonda əlavə edib ki, ailə və nikah məsələlərinə təsir edən faktorlar çoxşaxəlidir və yalnız bir səbəblə izah oluna bilməz. Dövlət müxtəlif sosial proqramlar və dəstək mexanizmləri vasitəsilə bu prosesləri tənzimləməyə çalışır.

Oğuz Ayvaz,
Medianews.az

Bizə qoşulun