Bu il müşahidə olunan yağıntılı və nisbətən sərin hava şəraitinin kənd təsərrüfatına, xüsusilə meyvə və tərəvəz istehsalına təsir edəcəyi ilə bağlı ehtimallar gündəmdədir. Mütəxəssislər bildirirlər ki, belə iqlim dəyişiklikləri məhsuldarlığın azalmasına və bazarda müəyyən çatışmazlıqların yaranmasına səbəb ola bilər ki, bu da qiymət artımı riskini gücləndirir. Eyni zamanda, alça və gilas kimi bəzi meyvələrin yüksək qiyməti istehlakçılar arasında narazılıq doğurur və bu vəziyyət əsasən mövsümi faktorlar, təklif-tələb balansı və istehsal xərcləri ilə izah edilir. Bəs bu şərait gələcək aylarda bazar qiymətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Allahverdi Aydın Medianews.az-a bildirib ki, bu il müşahidə olunan yağıntılı və nisbətən sərin havanın kənd təsərrüfatına təsirini birmənalı şəkildə müsbət və ya mənfi qiymətləndirmək doğru olmaz.
“Məlumatlardan belə görünür ki, yağıntılar mart və aprel aylarında intensiv olub. Bu da əsasən mart və aprel aylarında çiçəkləyən və tez yetişən meyvələrə mənfi təsir edə bilər. Çünki yağıntının çox olması ağacdakı çiçəklərə zərər verməklə bərabər, bəzi hallarda torpaqda həddindən artıq rütubət yaradır. Bu da ağacların kökünə zərər verir. Eyni zamanda rütubət bəzi xəstəliklərin artmasına səbəb olur. Nəticədə məhsulun miqdarı və keyfiyyəti aşağı düşür. Alça kimi tez yetişən məhsulların qiymətinin yüksək olması da bununla bağlı ola bilər. Amma yağıntılar may ayında davam etməsə, yəni səngisə, ehtimal etmək olar ki, qarşıdakı aylarda mart-aprel aylarında yağan yağışların faydaları olacaq. Çünki yağış bəzi tez yetişən məhsullara zərər verdiyi kimi, nisbətən gec yetişən məhsullar, o cümlədən payız aylarında yetişən kənd təsərrüfatı məhsulları üçün faydalıdır”.
Ekspert qeyd edib ki, mart və aprel aylarında yağan yağışlar torpağın su ehtiyatını artırır. Torpaqda kifayət qədər rütubətin olması yay aylarında çiçəkləyən ağaclar üçün olduqca faydalıdır.
“Qarşıdakı aylarda mart-aprel aylarındakı kimi intensiv yağıntılar olmasa, hesab edirəm ki, həm yay aylarında, həm də payızda məhsul qıtlığı deyil, əksinə məhsul bolluğu yarana bilər.
Bir məqamı da xatırladaq ki, Azərbaycan bir çox kənd təsərrüfatı məhsullarını xaricdən idxal edir. Bazarda formalaşan qiymətlərdə idxal məhsullarının payı yüksəkdir. Bu səbəbdən qarşıdakı aylarda müşahidə edəcəyimiz qiymətlər idxal amilindən də asılı olacaq”.
Oğuz Ayvaz,
Medianews.az