Medianews.az
“Brilliant xanım məşqi izlədi, sonra əsəbləşib dedi ki, “bu nə addır tamaşaya qoymusan?”-Ədalət Hacıyevdən
194 baxış

“Brilliant xanım məşqi izlədi, sonra əsəbləşib dedi ki, “bu nə addır tamaşaya qoymusan?”-Ədalət Hacıyevdən EKSKLÜZİV ETİRAFLAR-FOTO

“Gəncədə bizim ailəvi dostlarımız çoxdur. Heç vaxt ağlıma gəlmirdi ki, nə vaxtsa gəlib burada işləyəcəm. Mən Gəncəni Bakı qədər çox sevirəm. Bu dostluqlar da mənə işimdə kömək edir. Biz ailə olaraq hər zaman Gəncəyə gəlib-gedirdik. Bugünlərdə Brilliant xanım Gəncəyə gəlmişdi. Həm teatra qonaq gəldi, həm muzeyə getdik. Bizim teatrşünas Anar Bürcəliyev Brilliant xanıma teatrın tarixindən söz açdı, ona öz kitabını hədiyyə etdi. Brilliant xanımın teatrımızın foyesində olan royallardan çox xoşu gəldi. İki royalımız var. Brilliant xanım hər ikisində ifa edib, köklərini yoxladı”.

Bunu Medianews.az-a açıqlamasında Gəncə Dövlət Milli Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət işçisi Ədalət Hacıyev deyib.

O daha sonra Xalq artisti, həyat yoldaşı Brilliant Dadaşovanın ona dəstəyindən söz açıb: “Brilliant xanım teatrımıza gələndə səhnədə “Zəhri-mar” tamaşasının məşqləri gedirdi.

İlk sualı bu oldu ki, bu nə addır tamaşaya qoymusan?! Sonra izah edəndə ki, bu ad nəyə görə qoyulub, dedi ki,  “tamaşanın adını yerində qoymusan”. Amma birinci hirslənmişdi ki, bu nə addır tamaşaya qoymusuz? (gülür).

Bu səhnə əsəri narkomaniyaya qarşı mübarizəyə həsr olunub. Brilliant xanımın dəstəyini hər zaman hiss edirəm. Heç vaxt mənim işimə qarışmayıb. Hər zaman deyib ki, kənardan min söz deyə bilərlər, amma işin içində olan sənsən. Sən daha yaxşısını bilirsən” deyə o bildirib.


Ədalət Hacıyev Brilliant Dadaşovanın teatra bağlılığından da danışıb: “Bilirsiniz ki, Brilliant xanımın ailəsi teatrla sıx əlaqədə olub. Əmiləri Məlik Dadaşov, Salman Dadaşov, əmisioğlu Rafael Dadaşov teatrın sayılıb-seçilən sənətkarları idilər.

Brilliant xanımın da teatra olan sevgisi ailədən gəlir. Teatrdakı çətinlikləri də gözəl bilir. Yeri gəlmişkən, Brilliant xanım heç səhnəyə çıxmamışdan Şəki Dövlət Dram Teatrındakı tamaşalarda onun zapisləri gedirdi.

Heç üzünü görməmişdilər, amma səsini eşidirdilər. Camaat deyirdi ki, “kaş bu qızın bir dəfə üzünü görsəydik”. Biz Brilliantın birinci səsini eşitmişik, sonra üzünü görmüşük. Mən sözün düzü radioda onun səsini eşitmişdim. Telefonda mənə deyəndə ki, “mənim adım Brilliantdır”, gülmüşdüm. Demişdim ki, radioda oxuyan Brilliant? İlk dəfə Bülbül adına məktəbin qarşısında görüşmüşdük” deyə o bildirib.

Bizə qoşulun