Medianews.az
“Cahangir Zeynalov dedi ki, o kimdir mənim icazəm olmadan Moskvada anamın adına teatr açır, həmin şəxsi axtarıb tapdı, qadağan etdi” -
212 baxış

“Cahangir Zeynalov dedi ki, o kimdir mənim icazəm olmadan Moskvada anamın adına teatr açır, həmin şəxsi axtarıb tapdı, qadağan etdi” - FOTO+ÖZƏL

“İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri keçmişdən bu günümüzə xitab edir. Çox uğurlu bir əsərdir. Bu əsər həm teatrda, həm də televiziyada çox gözəl nümayiş olunub. Görkəmli aktrisa, xalq artisti Amaliya Pənahova “Sən həmişə mənimləsən” əsərindəki Nargilə obrazı ilə səhnəyə qədəm qoyub. Mən çox xoşbəxtəm ki, Nargilə obrazı mənə də böyük uğur gətirdi. Tərəf müqabilim mərhum sənətkar Rasim Balayev idi. Ondan güc alaraq bu əsəri oynamışdım. Qarşımda güclü aktyor var idi. Zəif oynaya bilməzdim. Bu təkcə mənim yox, bütün aktyor truppasının uğuru idi. Mən hələ də Nargilə obrazının çörəyini yeyirəm. Rejissor Gülcahan Güləhmədova bu əsəri bir az müasir dövrə uyğun hazırlamışdı. Əlbəttə ki, əsərə bu gün də müraciət edə bilərlər. Təbii ki, yeni aktyor truppası və aktyor fikri lazımdır. Rejissor əgər öz-özünə düşünürsə ki, mən elə bir əsər hazırlayacam ki, o birindən qat-qat gözəl olacaq, o bu əsərə müraciət edə bilər. Məndən soruşsanız ki, Rasim Balayevdən sonra Həsənzadə rolunu kim oynaya bilər?! Sözün düzü elə bir aktyoru hələ ki, görmürəm. Rasim müəllimi əvəz edən aktyor görmürəm. Nargilə obrazının isə 17 yaşı var. Gənc aktrisaları tanımadığım üçün bilmirəm ki, bu rolu məndən daha gözəl kim oynaya bilər”.

Bunu Medianews.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib.

O daha sonra bildirib ki, böyük sənətkarları yamsılayıb, parodiya edərkən varislərindən icazə almaq lazımdır:\

“Sənətkarları yad etmək üçün onların obrazına girmək, o obrazda çıxış etmək normal haldır. Necə ki, vaxtilə Hacı Zeynalabdin Tağıyev, Hüseyn Cavid kimi dahilərin obrazını yaradıblar. Bunun olması normaldır. Bu sənətkarları yaşatmaq üçündür. Məsələn, “Sübhün səfiri” filmində Axundzadə rolunu Rasim Balayev, onun həyat yoldaşı Tubu xanım rolunu mən canlandırmışam. Biri var dahi şəxsiyyəti aktyor olaraq yad etmək, biri də var parodiya etmək. Əgər bu məsxərə kimi, parodiya kimi olursa bu yolverilməzdir. Amma bunun da bir həddi var. O həddi aşmaq olmaz. Bu gün əlbəttə ki, Nəsibə xanım kimi geyinib, onu parodiya edənlər var. Nəsibə xanım rəhmətə gedib, amma onun varisi-Cahangir Novruzov var. Əlbəttə ki, bu cür addımlar atanda Cahangir Zeynalovdan icazə almaq lazımdır. Bu icazəni hörmət naminə almaq lazımdır. Cahangir müəllim də öz fikirlərini söyləyə bilər. Çünki Nəsibə xanım elə-belə sənətkar, elə-belə aktrisa olmayıb. Cahangir müəllim təkliflər verə bilər ki, burada belə edin, çox şit alınmasın və s. Komediyanı bizdə adətən hamını güldürmək üçün oynayırlar. Bir növ məsxərəyə qoyurlar. Nəsibə xanımın parodiya edilən obrazından Cahangir müəllimin xəbəri olmalı idi. Ad çəkməyəcəm, amma illər əvvəl biri dedi ki, “mən Moskvada Nəsibə Zeynalova adına teatr açmışam”. Həmin şəxs mənə bunu dedi. Mən də Cahangir müəllimə dedim. Təsəvvür etməzsiniz ki, o nə qədər əsəbləşdi.. Dedi ki, “o insanı axtarıram, ona sözüm, o kimdir mənim anamın adına icazəm olmadan teatr açır?” Cahangir müəllim o adamı axtarıb tapdı, lazımı sözlərini də dedi. O teatrın adı sonradan dəyişdirildi. Azərbaycanda bu icazələr şifahi olsa da, Türkiyədə yazılı şəkildə və qanunvericiliklə tənzimlənir. Türkiyədə bunun cəzası daha böyükdür”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun