Medianews.az
Bu rayonumuzda yüz minlərlə unsiya qızıl və milyonlarla unsiya gümüş ehtiyatı var
114 baxış

Bu rayonumuzda yüz minlərlə unsiya qızıl və milyonlarla unsiya gümüş ehtiyatı var

“Balakən rayonunda yerləşən "Filizçay" polimetal yatağı resurslarının həcminə görə Avropanın ən iri yataqlarından biri hesab edilir və dünya miqyasında polimetal yataqları arasında ilk onluqda qərarlaşıb”. Medianews.az xəbər verir ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov AZƏRTAC-a müsahibəsində belə deyib.

Z.İbrahimov bildirib ki, mövcud qiymətləndirmələrə əsasən, "Filizçay" yatağında 2,4 milyon ton sink, 787 min ton qurğuşun, 311 min ton mis, 688 min unsiya qızıl və 91 milyon unsiya gümüş ehtiyatı mövcuddur.

Z.İbrahimov vurğulayıb ki, sözügedən yataq böyük olduğu qədər də mürəkkəbdir. Onun sözlərinə görə, "Filizçay" polimetal yatağında aparılmış metallurji testlər filizin kifayət qədər mürəkkəb mineraloji xüsusiyyətlərə, eləcə də sərt süxur bazasına malik olduğunu göstərib: “Bu o deməkdir ki, biz səmərəliliyi təmin etmək üçün bir zavodun qurulması ilə ən azı üç əlvan metalın istehsalını təmin etməliyik. Layihə ilə bağlı uzun müddət beynəlxalq laboratoriyaların və məsləhətçi şirkətlərin iştirakı ilə kompleks tədqiqatlar apardıq. Nəhayət, yataqda ultra-incə üyütmə metodu ilə satıla bilən mis və sink konsentratlarının əldə edilməsi metodologiyasının tətbiqi uyğun hesab edildi.

2027-ci ilin əvvəlində Balakəndə üç əlvan metalın - sink, mis və qurğuşunun - əldə edilməsi və çıxım göstəricilərinin artırılması məqsədilə pilot layihə formatında sınaq-təcrübə zavodunun - Emal və Tədqiqat Mərkəzinin tikintisinə qərar verilib.

Hesab edirəm ki, "Filizçay" layihəsi gələcəkdə həm ölkəmizin dağ-mədən sənayesinin inkişafı, həm də dünya bazarlarında strateji əhəmiyyəti artan kritik minerallara regional səviyyədə tələbatın ödənilməsi baxımından mühüm rol oynaya bilər. Layihənin tam icrası ilə bölgədə 2000 nəfərlik daimi iş yerinin açılması nəzərdə tutulur”.

Xəbərdə "Filizçay" yatağından təqdim edilən fotolar "AzerGold"un internet səhifəsindən götürülüb.

Medianews.az 

Bizə qoşulun