Medianews.az
Bu posta namizədlərin kimliyi məxfi saxlanır –
107 baxış

Bu posta namizədlərin kimliyi məxfi saxlanır – Hansı əsasla?

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə sənəd qəbulu davam edir.

Aprelin 27-dən başlanan proses mayın 8-də bitəcək. Baş direktor vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini mayın 8-i saat 18-dək Audiovizual Şuraya təqdim etməlidirlər.

Baş direktor vəzifəsinə kimlərin namizədliyinin qeydə alındığını öyrənmək üçün Audiovizual Şuraya müraciət edən Medianews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, namizədlərin müraciəti məxfi informasiya sayılır və qanun onların şəxsi məlumatlarının paylaşılmasına yol vermir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədliyi qeydə alınan şəxslərin siyahısı ictimaiyyətə açıqlanmalıdırmı? Bundan ötrü sənəd qəbulunun başa çatmasını gözləmək zəruridirmi, yoxsa namizədlərin kimliyi sənəd qəbulu prosesi gedə-gedə də ictimaiyyətə elan oluna bilər?

Medianews.az bu suallarla baş direktor postuna namizəd olan AzNews.az analitik-informasiya portalının baş redaktoru, hüquqşünas Taleh Şahsuvarlıya müraciət edib.

T.Şahsuvarlının baş direktor vəzifəsini tutmaq üçün elan edilən müsabiqəyə qatıldığı haqda xəbər mayın 5-də mətbuatda dərc olunub. T.Şahsuvarlı xəbəri təsdiqləyib.

Mayın 6-da Medianews.az-a açıqlamasında T.Şahsuvarlı deyib:

“Mən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorluğuna namizəd olduğum üçün hazırda tərəfəm və bu məsələ ilə bağlı şərhim subyektiv qarşılana bilər. Lakin bir hüquqşünas kimi deməyi özümə borc bilirəm ki, İctimai Teleradionun baş direktorluğuna seçkilər “İctimai televiziya və radio yayımı haqqında” qanuna əsasən keçirilir. Qanuna görə, baş direktorla bağlı bir sıra tələblər var. Məsələn, baş direktor seçildikdən sonra heç bir siyasi partiyanın üzvü ola bilməz. Lakin həmin qanunda baş direktorluğa namizədlərin siyahısının elan edilməsini məhdudlaşdıran hər hansı norma yoxdur.

“Fərdi məlumatlar haqqında” qanuna görə, şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Odur ki, bu qanuna əsasən iddiaçı şəxsin adı, soyadı və atasının adının ictimaiyyətə təqdim olunmasında bir problem yoxdur.

“İnformasiya əldə etmək” haqqında qanunun 38-ci maddəsində hansı fərdi məlumatların yayılmasının məhdudlaşdırılması daha dəqiq göstərilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru postuna seçkidə iştirak bu baxımdan da yayılması məhdudlaşdırılan fərdi məlumat sayıla bilməz.

Ümumiyyətlə, bu məsələdə əsas yanaşma odur ki, İctimai Teleradionun baş direktoru postuna iddia sırf ictimai məsələdir. Odur ki, sırf ictimai olan bir məsələni ictimaiyyətdən gizlətmək prosesin şəffaflığına kölgə sala, seçimi pərdə arxasına keçirə, nəticədə ictimai etimad zədələnə bilər. Ona görə də mən təkcə siyahı barədə yox, bütövlükdə proses barədə geniş məlumatlandırma aparılmasının tərəfdarıyam”.

Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovdur. O, ilk dəfə 2018-ci ildə bu vəzifəyə seçilib. 2022-ci ildəki seçki zamanı postunu qoruya bilib. Baş direktorun təkrar seçilmək hüququ var.

Baş direktoru İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvləri səsvermə yolu ilə 4 il müddətinə seçirlər. Baş direktorun seçilməsi üçün Yayım Şurasının 9 üzvündən azı 6-nın səsi lazımdır.

Nailə Qasımova, 
Medianews.az

Bizə qoşulun