Türkiyə parlamentində – Böyük Millət Məclisində qüvvələr nisbəti dəyişir. Medianews.az bildirir ki, aparıcı müxalifət qurumu olan Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılması gözlənilən 95 millət vəkilinin Yeni Partiya sıralarına keçəcəyi açıqlanıb.
600 nəfərlik parlamentin hazırda 592 üzvü var. Cümhuriyyət Xalq Partiyası 135 mandata sahibdir.
Ədalət və İnkişaf Partiyası 277, Xalqların Bərabərlik və Demokratiya Partiyası 56, Milliyyətçi Hərəkat Partiyası 46, Yaxşı Partiya 29, Demokratiya və Sıçrayış, Gələcək və Səadət partiyalarının fraksiya kimi qurduğu Yeni Yol Partiyası ümumilikdə 21, Hür Dava Partiyası 4, Yenidən Rifah Partiyası 4, Türkiyə Fəhlə Partiyası 3, Demokratik Bölgələr Partiyası 2, Əmək Partiyası 2, Demokrat Partiyası 1, Demokratik Sol Partiya 1 mandatla təmsil olunur.
11 millət vəkili partiyasızdır.
CHP-də parçalanma mayın 21-də Ankara Bölgə Məhkəməsinin Kamal Kılıçdaroğlunu partiya sədri postuna qaytarması ilə başlayıb. 1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu CHP-yə 2010-cu il mayın 22-dən sədrlik edib.
2023-cü ilin 4-5 noyabr qurultayında Kamal Kılıçdaroğlu sədr seçkisini Özgür Özələ uduzub.
1974-cü il təvəllüdlü Özgür Özəl 2011-ci ildən parlament üzvüdür.
2025-ci ildə bir qrup partiya üzvü məhkəmə davası açaraq 4-5 noyabr 2023-cü il qurultayının nəticələrinin etibarsız sayılmasını istəyib. Onların iddiasına görə, qurultayın bir çox nümayəndəsi müxtəlif üsullarla ələ alınıb və sədr seçkisinə haram qatılıb.
İddia ortaya çıxan kimi partiya fövqəladə qurultaya gedib və aprelin 6-da Özgür Özəl yenidən sədr seçilib, ancaq məhkəmə iddiası geri çəkilməyib, əksinə, 6 aprel 2025-ci il qurultayının da nəticələrinin ləğvi gündəmə gəlib.
Sentyabrın 21-də keçirilən daha bir fövqəladə qurultayda Özgür Özəl üçüncü dəfə sədr mandatı alıb.
28-30 noyabr qurultayında yenidən sədr seçkisi olub, Özgür Özəl kürsüsünü qoruyub.
Ankara Bölgə Məhkəməsinin 21 may 2026-cı il qərarı bütün bu qurultayların da nəticələrini heçə endirib. Özgür Özəl və tərəfdaşlarının qərara müqaviməti fayda verməyib, yeni partiya qurmaq qaçılmaz olub. Partiyanın iyulun 27-də rəsmən elan olunacağı bildirilir. Müxtəlif variantlar nəzərdən keçirilsə də, Özgür Özəlin liderliyi ilə yaradılan təşkilatın Yeni Partiya adlanması üstün tutulub.
1923-cü ildə qurulan CHP 1923-1950, 1963-1965, 1977, 1978-1979-cu illərdə təkbaşına hakimiyyətdə olub, 1961-1962, 1962-1963, 1974-cü illərdə hökumətə ortaqlıq edib.
2002-ci ildən başlayaraq partiya bütün parlament seçkilərində ikinci yeri tutaraq ana müxalifət statusu qazanıb.
CHP 2024-cü ilin yerli seçkilərini udandan bəri problemlərlə üzləşib, üzvü Əkrəm İmamoğlunu prezidentliyə namizəd irəli sürmək təşəbbüsü fonunda isə daha ağır basqılara məruz qalıb. Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 2019 və 2024-cü illərdə İstanbul bələdiyyəsinin başçısı seçilib. 2025-ci ildə partiya onu prezidentliyə namizədi elan etmək qərarına gəlib, martın 23-nə ümumpartiya səsverməsi təyin olunub.
Martın 18-də İstanbul Universiteti Əkrəm İmamoğlunun bakalavr diplomunun geri alınması qərarı verib, martın 19-da Əkrəm İmamoğlu müxtəlif ağır cinayətlər üzrə həbs dalğası çərçivəsində tutulub, martın 23-də bələdiyyə başçısı postundan götürülüb. Bu, kəskin etirazlara, kütləvi aksiyalara səbəb olub. Martın 23-də ölkə boyu təşkil edilən ümumpartiya səsverməsinə başqa siyasi qüvvələr və ictimaiyyət təmsilçiləri də qatılıb, Əkrəm İmamoğlu ümumilikdə 15,5 milyon səs alıb. Martın 27-də partiya onu rəsmən prezidentliyə namizədi elan edib və növbədənkənar seçkilər tələbi qoyub. Qarşıdurma dalğasında başqa partiya təmsilçiləri, o cümlədən bir çox bələdiyyə başçısı tutulub. İyulun 28-də İstanbul Universiteti Əkrəm İmamoğlunun magistr diplomunu da ləğv edib.
Türkiyə Konstitusiyasına görə, yalnız ali təhsilli şəxs prezidentliyə namizəd ola bilər.
Ölkədə prezident və parlament seçkiləri beş ildən bir eyni gündə keçirilir. Son qoşa seçki 2023-cü il mayın 14-də olub, parlament formalaşıb, prezident seçkisi ikinci turda – mayın 28-də bitib.
Türkiyə Böyük Millət Məclisinin 360 səslə növbədənkənar seçkiyə qərar vermək hüququ var. Bu halda qoşa seçki qaydası tətbiq olunacaq və indiki dövlət başçısı Rəcəb Teyyub Ərdoğan bir daha prezidentliyə namizəd ola biləcək.
2018-ci ildən prezident həm də hökumət başçısıdır. Heç kim iki dəfədən artıq prezident seçilə bilməz.
Ədalət və İnkişaf Partiyasının sədri olan Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazirlik edib, 2014 və 2018-ci illərdə prezident seçilib. İki dəfədən artıq seçilməyə məhdudiyyət 2018-ci ildən hesablandığı üçün Rəcəb Teyyub Ərdoğan 2023-cü ildə də prezident mandatı alıb.
Toğrul Əli,
Medianews.az