Medianews.az bu gün Naxçıvan Beynəlxalq Hava Limanının dron zərbəsinə məruz qalması hadisəsinə sosial medianın Azərbaycan seqmentində verilən ilk reaksiyaları təqdim edir:
Rəşad Məcid, Mətbuat Şurasının sədri:
- Qonşuları zorən düşmənə çevirmək sonun başlanğıcıdır. Ən doğru başlığı AzTV verib: “Azərbaycan hücuma məruz qaldı”.
Arif Hacılı, siyasətçi:
- İran Naxçıvana PUA-lar vasitəsilə hücum etdi. Zərbənin aeroport ərazisinə endirilməsi hadisənin təsadüf olmadığını göstərir. Dövlətimizi qorumaq və İranda yaşayan soydaşlarımızın təhlükədizliyini təmin etmək üçün qətiyyətli qərarların qəbul edilməsi zamanı gəldi!
Məhəmməd Əsədullazadə, siyasi şərhçi:
- İranın Naxçıvan aeroportunu vurması qırmızı xətti keçməkdir. Azərbaycan İrana qarşı hazırkı prosesdə tam təmkinli və neytral qaldı. Amma, İran Azərbaycanı da hədəf alır. Ümid edirik ki, bu, səhvən olub. Azərbaycandan İrana qarşı hərhansı bir təhdid yoxdur. Dövlət başçısı daima bunu İranın nəzərinə çatdırıb. Bundan sonra da Azərbaycan İranla bağlı siyasətində əvvəlki siyasətini davam etdirəcək. Amma, İran Azərbaycani təhdid edərsə, rəsmi Bakının mövqeyi dəyişə bilər. İran rejimi artıq öz süqutunu yaxınlaşdırır.
Heydər Oğuz, jurnalist:
- Naxçıvan aeroportunun İran tərəfindən vurulması təsadüfi deyil. Naxçıvana yeganə nəqliyyat yolu aeroport üzərindəndir. Görünür, molla rejimi Azərbaycana "sizi içindən çıxa bilməyəcəyiniz blokadaya sala bilərik" mesajı verir. İran sözün bütün mənalarında qaşınır. Molla rejimi anlamalıdır ki, ona bu ağır vəziyyətində düşmən yox, dost lazımdır. Zorla bizi öz qarşısına almasın.
Vasif Həsənli, jurnalist:
- İran Azərbaycana qarşı içində bəslədiyi nifrət və düşmənçiliyi bu gün açıq şəkildə göstərdi. Naxçıvana dron zərbəsi endirməklə İranın nankor molla rejiminin maskası birdəfəlik cırıldı. İranın “mehriban qonşuluq”, “dostluq”, “qardaşlıq” kimi boş sözlərinə əsla inanmamalıyıq. Birdəfəlik qəbul etməliyik ki, molla rejimi nə qədər tez məhv edilsə, regionumuz da bir o qədər tez nəfəs alacaq. Trampı İranın üzərinə getdiyi üçün qınayırdıq, ancaq o, doğru deyirmiş: İran terror dövlətidir!
Məhəmməd Türkmən, jurnalist:
- İran Naxçıvana birdən çox kamikadze dronu göndərib və bu əsla təsadüfi ola bilməz! Təxribatdır! Çox şükür itki yoxdur.