“Azərbaycan Kitab Mükafatının təsis olunması təşəbbüsü yaxşı, arzuolunan təşəbbüsdür”. Yazıçı Eyvaz Zeynalov Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, belə bir mükafat çoxdan lazım idi: “Ancaq məncə, 50 min manatın bir nəfərə verilməsi, başqa sözlə, bir əsərin seçilməsi və qiymətləndirilməsi doğru deyil. Bizdə ədəbi sahədə məbləği bu qədər böyük mükafatın verilməsi ənənəsi hələ yoxdur. Buna tədricən keçilsə, daha yaxşı olar. Başlanğıcda isə müəlliflərin iki, yaxud üç nominasiyada mükafatlandırılması daha uyğun olardı”.
E.Zeynalov vurğulayıb ki, əsas məsələ ekspertlərin seçilməsidir: “Buna da o qədər ümid etmirəm. Ona görə ki, görə-görə gəlirik: bu vaxta qədər hələ düzgün keçirilən bir kitab və ya əsər müsabiqəsi görməmişəm. Münsiflər adətən özlərinə əziyyət verib əsərləri oxumurlar, qiymətləri tanışlıq və dostluğa görə verirlər.
Ekspertlər tanışlıqla, vəzifə və titullara görə seçilməməlidir. Mükəmməl olardı ki, münsiflər heyətində əsasən ədəbiyyat adamları, xüsusən vicdanlı tənqidçilər olsun. Hər halda olmamaqdansa olması yaxşıdır”.

Xatırladaq ki, 2026-cı ildə dövlətin Azərbaycan Kitab Mükafatı elan etməsi gözlənir. İlkin rəsmi bilgiyə görə, Prezident fərmanı ilə təsdiqlənəsi 50 min manatlıq mükafat hər il bir müəllifə veriləcək, qalib əsər xarici dillərə tərcümə edilib yayılacaq.
Müsabiqəyə nəsr (roman və hekayə) və poeziya (şeir və mənzum hekayə) nümunələrini nəşriyyatlar və ədəbi orqanlar təqdim edə bilər.
Birinci mərhələdə - sentyabr ayında ekspertlərin 10 əsərdən ibarət uzun siyahı tərtib edəcəyi, noyabr ayında xüsusi komissiyanın 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcəyi, həmin ay laureatın elan olunacağı bildirilir.
Nailə Qasımova,
Medianews.az