“Mən 40 ildir Azərbaycan Yazıçılar Birliyindəyəm. Bu 40 ilin 39 ilini mətbuatda ancaq özüm haqda mənfi rəylər və yazılar görmüşəm. Yazırdılar ki, “bu Anar niyə hələ də getmir?!”. O vaxt mən elan etdim ki, növbəti qurultayda sədrlikdən gedəcəm, indi başlayıblar ki, getmə. Necə yəni getmə?! 39 ildir siz məni zəhərləyirsiz, sancırsız, ağzınıza gələni yazırsız, ünvanıma olmazın ifadələr işlədirsiz. 40 ildir ora canımı qoyandan sonra deyirsiz ki, getmə! Niyə getməyim?! Getməyim sonra yenidən mənim üzərimə düşəsiz?! Mən 40 il işləmişəm, bu illər ərzində də hamı bilir ki, nə işlər görmüşük, gördüyümüz işlərə görə də başımız ucadır. İndi növbə çatar, başqaları gəlib davam edərlər. Getməyimi istəyənlər lap çoxdur. Xüsusilə də “qrasaman” lar. Gənclər heç vaxt mənim əleyhimə olmayıblar. İstedadı olan cavanlar hər zaman mənim tərəfimdə olublar”.
Bunu Medianews.az-a açıqlamasında Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

O “Yerinizə ən layiqli namizəd kimi görürsüz?” sualına belə cavab verib:
“Hərhalda indi onu sizə deyə bilmərəm. Sədr qurultayda seçilir. Mən də əlbəttə ki, qurultayda iştirak edən üzv kimi səsimi ona verə bilərəm. Əlbəttə ki, ürəyimdə belə bir ad var. Cəlil Məmmədquluzadə sağ olsaydı istərdim ki, sədr o olsun".
Anar daha sonra Xalq şairi Nəriman Həsənzadənin səhhətindən danışıb:
“Bilirsiniz ki, bir neçə gündür süni tənəffüs aparatına qoşulub. Həm yaşı çoxdur, həm də özü xəstədir. Hər halda müalicə olunur, diqqət mərkəzindədir. Dövlətimiz özü də maraqlanır. Səhhəti ağır olaraq qalır. İstər həkimlərlə, istərsə də ailəsi ilə mütəmaddi əlaqə saxlayırıq”.
Anar Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyindən də danışıb:
“Bu təqdirəlayiq bir haldır. Çox geniş şəkildə qeyd olundu. Açılış mərasimində mən də iştirak etdim. Yazıçılar Birliyində də bununla bağlı bir neçə dəfə toplantı keçirmişik”.
Əli Əsgər,
Medianews.az