Medianews.az
Xocalıda rahatlıq
345 baxış

Xocalıda rahatlıq

Qarabağa köç gedir... El-el, oba-oba, kənd-kənd, tayfa-tayfa köçənlərin sayı get-gedə artır. Xocalıya da köç başlayıb. Düşmənə göz dağı olan köç. Heç vaxt unutmayacağımız, millətin, dövlətin tarixində ermənilərin və rusların törətdiyi qətliam kimi yadda qalan, sinə dağı soyqırımının həyata keçirildiyi Xocalıda evlər tikilib və bu yerlərdə yenə bizimkilər yaşayacaq. Adamlar indən sonra hər səhər Xocalıdakı evlərində yuxudan durub, hər axşam Xocalıdakı evlərində yatacaqlar. Xocalıya qayıtmaq, Xocalıda yaşamaq hər bir xocalılının haqqıdır. Tarixi ədalət gərdişi dəyişib, torpağımız işğaldan qurtulub, Xocalı da azaddır. Hər yerdə abadlıq işləri aparılır və bu gün şəhidlərin qanı ilə suvarılmış el yolu ilə doğma yurdlarına köç edənlərin arasında Xocalı camaatı da var. Zaman-zaman viranə qalmış neçə ölkə, neçə şəhər illər sonra abad əraziyə çevrilib. Neçə-neçə bu cür qan qoxuyan diyarda ev salınıb, ağac əkilib, torpaq becərilib, təbiət yenidən cana gəlib. Amma adamlar olub-keçənləri, başlarına gələnləri də unutmayıblar. Ağla gəlməyən başımıza gəlmiş, yer-göy od tutub yanmış, neçə igid qurban getmişdi. Amma sonda nəticəsini də gördük. İşğalda inləyən Qarabağ doğma qarabağlılara qovuşdu. İllərin ləkəsini üstümüzdən silən yenə də Azərbaycan Ordusu, Azərbaycan dövləti oldu. Dünyaya görk olan bilən, xəyalı gerçəyə çevirən qələbə. Xocalıda yaşayış var. Biz Xocalısız yaşaya bilmərik. Amma Xocalı tək yaşayış yeri deyil, həm də ağrı yeri, muzey yeri, təsəlli yeridir. Düşünürdüm ki, dəhşətli soyqırımına şahidlik etmiş Xocalıda yaşayış olmayacaq. Fikirləşirdim ki, xocalılar hələ də yarası qan verən bu yerə getməkdən çəkinəcəklər, inad edib boyun qaçıracaqlar, hətta Xocalının açıq soyqırımı muzeyinə çevriləcəyini sanırdım. Amma bu gün Xocalı diridir. İndi Xocalının torpağında yerlilər gəzir. Adamlar ölüb-dirilən Xocalıya köç edirlər. Camaat öz yurdunda yaşamağa gedir. Qayıdışımız mübarək! Bir zamanlar Xocalıda səksəkədə, zalımın gülləbaranında bir gözü açıq qalanların, yuxunu özünə haram edənlərin, düşmən işgəncələrinə məruz qalanların, ah-naləsi göyü dələnlərin əzizləri köçə qoşulublar. İndi onlar yurdlarında Xocalı möcüzəsini yaşayırlar. Bu, ilahi haqqına qovuşanların zəfəridir. Doğma vətənin haqqını alanlar artıq əlçatan, ün yetən o yerlərdə - Tarixi Xocalıdadırlar. Dövran dəyişib. Artıq köməksiz qalan yoxdur və bu gün xocalılı qorxusundan nə çöldə, nə də meşədə gizlənir, indi hər kəsin öz evi var. Soyqırımını yaşayan Xocalı əhli tarixi unutmadan rahatlıq tapıb yəqin. Sözsüz. Çünki köçüb Xocalıda yaşayanlar igid Azərbaycan əsgərinin dalğalandırdığı üçrəngli bayrağın necə əzəmətlə dik durduğunu görürlər. Xocalı möcüzəsi baş verdi. Gözünə yuxu getməyənlər bu gün Xocalı adlı o yerdə rahatca yatıb-dururlar. Həm də adamın heç inanmağı gəlmir, azca üşənirsən bir anlıq. Canımızı dərd sarıb. Unudulmaz yara yaddaşımıza elə çöküb ki... Təsəvvür edəndə ki, yerli adam öz evində gecikən qonağını gözləyə-gözləyə yurdu Xocalıda yuxulayır... Oqtay Qorçu

Bizə qoşulun