Bir neçə gün öncə çoxlu sayda incəsənət adamları Prezident mükafatı ilə təltif olundu. Siyahıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının adının olmaması böyük narazılıqla qarşılanıb. Bu haqda yazıçı İlhamə Nasir özünün facebook səhifəsində qeyd edib. O paylaşımında teatrın konkret olaraq iki əməkdaşından danışıb. Belə ki, İlhamə Nasir bildirib ki, xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılova teatrın səhnəsində 150 rolla iz qoyub və ömürlərinin 60 ilini bu sənət ocağına həsr ediblər. Lakin diqqətdən kənarda qalıblar.
Medianews.az-a açıqlama verən xalq artisti Vidadi Əliyev bildirib ki, illərdir müraciət etsə də Mədəniyyət Nazirliyi onun müraciətlərinə cavab vermir:
“Dəfələrlə təqdimatımın getməsinə baxmayaraq bu il də məni yada salmadılar. İllərdir ki, diqqətdən kənar qalmışam. Amma teatrın baş rejissoruna və bir aktrisasına mükafat verilib. Bizim 80 yaşımız tamam olacaq, artıq Prezident təqaüdü verilən vaxtımızdır. Amma heç mükafat belə almamışıq. Görünür layiq bilmirlər. Heç olmasa ikimizdən birimizə düşməlidir də. O teatrı ermənilərin içində necə saxlamışıqsa bunu bir Allah bilir. 1967-ci ildə yarandığı gündən ora rəhbərlik etmişəm. Hədə-qorxulara, təhdidlərə məruz qalırdıq. Başımıza oyun açırdılar. O boyda əzabdan sonra Bakıya gəldik. Sevindik ki, hər şey daha yaxşı olacaq. Dövlətdən bir qəpik də almadan o teatrı burada saxladıq. Məqsədimiz o idi ki, bu teatr o boyda elin-obanın yadigarıdır, onu yaşatmalı idik. Bir İrəvanın adına görə onu yaşatdıq. Yoxsa Bakıda teatr yox idi? Bu boyda zəhmətin, əməyin yerə vurulması əlbəttə ki, bizə çox pis təsir edir. Görmək istəmirlər. Bizimki də belə gətirib. Əlbəttə ki, mükafat verilsə pis olmaz. Aktyor onsuz da kasıb yaşayışa öyrəşib. Teatrın yeni binası tikilib, təmir olunub. 2 ildən çoxdur bina hazırdır, sadəcə səhnədə kiçik problemlər var ki, onları düzəldəcəklər. Eşitdiyimə görə cənab prezident İlham Əliyev də açılışa gələcək.
Xalq artisti Elmira İsmayılova saytımıza açıqlamasında bildirib ki, illərdir Mədəniyyət Nazirliyinin ögey münasibəti ilə qarşılaşır:
“Vallah nə deyim? Bəlkə layiq bilmirlər? Fikirləşirlər ki, bunlar layiq deyillər. Yəqin elə fikirləşirlər də.. Başqa nə düşünə bilərlər ki? Müraciətlərimiz çox olub. Yəqin fikirləşirlər ki, bunlar orada (İrəvanda) işləyiblər, yad adamdırlar. Orada ermənilər bizə türk deyib heç nə vermirdilər, düşmən içində mədəniyyət saxlayırdıq. Bunlar da burada vermirlər, deyirlər ki, onlar oralıdır, mən niyə mükafat verim ki, onlara? Orada da yad idik, burada da yadıq. Mədəniyyət Nazirliyi belə düşünür. Mənim elə də böyük bir arxam yoxdur, yuxarıda sözümüzü deyən yoxdur. Nəyə nail olmuşuqsa öz gücümüz sayəsində olub. Teatrda fəaliyyətimizi davam etdirmirik. Yaşla əlaqədar olaraq məni də, Vidadi müəllimi də teatrdan uzaqlaşdırıblar. Təxminən 10 il əvvəl. 6 il televiziyada işlədim, sonra pandemiya ilə əlaqədar olaraq verilişi də bağladılar. Mənə elə gəlir ki, ora qoyduğum əziyyəti, orada çəkdiyim əzabı bir ayrı işdə çəksəydim yəqin indi əməlli-başlı hörmət yiyəsi idim. Övladlarımın ikisini də teatrda böyütmüşəm. Mənimlə birlikdə qastrollarda olublar. Teatrı Azərbaycanda yaşatdıq. Dövlət statusu alması üçün şəxsən mən Elmira İsmayılova Nazirlər Kabinetində günlərlə qəbula düşmək üçün ayaqüstə dayanmışam. Sağ olsun Ulu Öndər Heydər Əliyev teatra dövlət statusu verdi və büdcə ayırdı. Cənab prezidentimiz İlham Əliyev binasının tikilməsi ilə bağlı sərəncam verdi. Teatrın ərsəyə gəlməsində mən də, Vidadi müəllim də can qoymuşuq. Bütün bunları da tarixi yaşatmaq üçün etmişik ki, erməni deyə bilməsin teatrın üstündən xətt çəkdik. Qarşıdan 80 illik yubileyimiz gəlir. İstəsəydilər nəzərə alardılar, edərdilər. Biz ikimiz də xalq artistləriyik, kiçik adam deyilik ki. Niyə gedib nazirliyin qapısında növbədə durmalıyıq? Dünya miqyasında yazıçıların əsərlərində baş rollarda oynamışıq. Şair deyir ki, “Mən belə dünyanın nəyindən küsüm?.
Əli Əsgər
Medianews.az