Medianews.az
Rasim Balayevin Baş nazirə müraciətinə cavab gəldi - <span style=color:red>Amma haradan və necə...
385 baxış

Rasim Balayevin Baş nazirə müraciətinə cavab gəldi - Amma haradan və necə...

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin Baş nazir Əli Əsədova ünvanladığı müraciəti Nazirlər Kabineti Mədəniyyət Nazirliyinə göndərib. Medianews.az-a açıqlamasında R.Balayev deyib ki, bununla bağlı Kinematoqrafçılar İttifaqına Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini, Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfovdan məktub daxil olub. Məktubunda E.Nəcəfov qeyd edib ki, Baş nazirə müraciətdə uşaq filmləri ilə əlaqədar qaldırılan məsələlər üzrə müəyyən işlərin görülməsi nəzərdə tutulur. Məktubda həmçinin Kinematoqrafçılar İttifaqından uşaq filmləri ilə bağlı təkliflərin nazirliyə təqdim olunması xahiş edilib. Məktuba daha səlahiyyətli şəxsin - mədəniyyət nazirinin, yaxud nazirin kino sahəsini kurasiya edən müavininin yox, eləcə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunvericiliyə uyğun olaraq Sənəd və vətəndaşlarla iş şöbəsi müdirinin cavab verməsindən məmnun qalmadığını gizlətməsə də, Xalq artisti R.Balayev Kinematoqrafçılar İttifaqının uşaq filmləri ilə bağlı təklifləri nazirliyə təqdim edəcəyini söyləyib: “Biz öz təkliflərimizi göndərəcəyik. Sonra nə olacaq, Allah bilir”. R.Balayev Baş nazirə müraciətində bildirmişdi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının 26.09.2024 tarixli iclasında uşaq kinosunun durumu da müzakirəyə səbəb olub. R.Balayev qeyd etmişdi ki, iclasın yekun bəyanatında Uşaq kinosunun inkişafı Dövlət Proqramının qəbul edilməsi təşəbbüsü öz əksini tapıb: “Uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir: son otuz ildə bu istiqamətdə dövlət dəstəyilə cəmi beş tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə bir film təşkil edir. Bununla yanaşı, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmləri ilə tanışlığı da aşağı səviyyədədir”. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri müraciətində daha sonra vurğulamışdı ki, Dövlət Proqramın məqsədi, uşaq və yeniyetmələrə ünvanlanmış, onların milli ruhda tərbiyələnməsinə xidmət edən filmlərin çəkilməsi, bu filmlərin ünvanına çatdırılması üçün təhsil və kino sahəsi üzrə aidiyyəti qurumların birgə işinin təmin edilməsidir: “Kinomuzun Qızıl fonduna daxil olan filmlərinin nümayişlərinin sistemli təşkili, animasiya filmlərimizin qənaətbəxş səviyyəyə qalxması, animasiya istehsalı üçün kadrların hazırlığı, azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş kino zallarının təşkili, məktəblərdə film nümayişi üçün texniki imkanların artması Proqramın əsas vəzifələrindən olmalıdır. Özəl prodüserlərin və investorların bu sahədə passivliyi səbəbindən uşaq və yeniyetmələrə ünvanlanmış bədii və animasiya filmləri çəkən, dövlət tərəfindən dəstəklənən film studiyası da Proqram çərçivəsində yaradıla bilər. Bu studiyanın, fəaliyyətlərini faktiki dayandırmış “Azanfilm” və “Yaddaş” studiyalarının bazasında yaranması məqsədəuyğun olardı”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun