Xəbər verdiyimiz kimi, Türkiyə lirəsi dollar qarşısında rekord həddə ucuzlaşıb. Türkiyədə 1 dollar 20,22 lirəyə qədər yüksəlib.
Dolların dünya bazarında nüfuzunun azaldığını nəzərə alsaq , bəs Türkiyədə dolların bahalaşmasının əsas səbəbi nədir?
Məsələ ilə bağlı Medianews.az-a danışan iqstisadçı ekspert Elşən Bağırzadə bildirir ki, xeyli müddətdir ki, Türkiyə “seçki iqtisadiyyatı” dövrünü yaşayırdı:
“Hökumət makroiqtisadi parametrləri bir çox hallarda inzibati yollara da əl ataraq tənzimləməyə çalışırdı. Ancaq indi seçki bitib, iqtisadiyyat öz təbii axarına keçməlidir. Bu isə iqtisadiyyatın bir çox parametrlərinin “olduğu kimi” üzə çıxmasını doğuracaqdır. Məsələn, inflyasiya səviyyəsində müəyyən artım ola bilər. Lirənin daha da dəyərdən düşdüyünü görə bilərik. Türkiyədə yaranmış bu vəziyyətin şübhəsiz ki, bir qismi dünya bazar konyukturası ilə bağlıdır. Ancaq əhəmiyyətli hissəsi ölkə iqtisadiyyatının strukturu və tətbiq edilən iqtisadi siyasətlərlə izah oluna bilər. Türkiyə uzun müddətdir ki, tədiyə balansının cari əməliyyatlar hesabındakı kəsr problemini həll edə bilmir. Ölkənin valyuta rezervləri yeterli səviyyədə deyildir. Bir tərəfdən də inflyasiya davam edir. Bu halda lirənin dəyərdən düşməsi və dolların bahalaşması qaçılmazdır”.
İqtisadçının sözlərinə görə ölkəyə əsas dollar axınını təmin edən turizm sektoru bu il üçün o qədər də ümidverici deyil:
“Çünkü Türkiyənin əsas turist cəlb etdiyi Rusiya müharibədədir, Almaniya isə resessiyaya daxil olub. Eyni zamanda Türkiyədəki qeyri-adi qiymət artımı turizm xidmətlərində də özünü göstərir. Qlobal kapital sahibləri Türkiyəyə investisiya qoymaqda o qədər maraqlı görünmürlər və əsasən yüksək faizlə borc verməklə kifayətlənirlər. Bu baxımdan Türkiyə əsasən Körfəz ölkələrindən gələn investisiyalara ümid bəsləyir, bu investisiyalar da ölkənin istehsal və ixrac potensialının güclənməsinə, ölkədə məhsuldarlıq artımına o qədər də böyük töhvə vermir. Bu il Türkiyənin xaricə ödəməli olduğu xeyli borclar var. Bu da dollara tələbi artıran amildir. Hökumətin zəlzələnin nəticələrini aradan qaldırmaq, seçkidə verdiyi vədləri yerinə yetirmək üçün xərcləri də çox olacaq və bu da inflyasiyanı canlandıran amildir. Hökumətin bu xərcləri məhdudlaşdırmaq imkanı da yoxdur. Çünkü 9 ay sonra bələdiyyə seçkiləri olacaq və kəmər sıxma siyasəti hökumətin əleyhinə işləyə bilər”.
Elşən Bağırzadə qeyd edir ki, bütün amilləri nəzərə aldıqda lirənin bu il daha da zəifləyəcəyini demək üçün daha çox əsasımız var:
“Şübhəsiz ki, güclü Türkiyə iqtisadiyyatı, Azərbaycan iqtisadiyyatı üçün də faydalıdır. Çünkü Türkiyə Azərbaycanın əsas iqtisadi partnyorlarındandır. Bütün bunların fonunda isə vəziyyəti yaxşılaşdırmaq üçün Türkiyə hökumətinin ilk növbədə iqtisadiyyatda güvəni bərpa etməyə çalışmalı olduğunu düşünürəm. Yeni, bazar mexnizminə uyğun iqtisadi proqram olmalıdır, iqtisadiyyatın idarə edilməsində qurumların və qaydaların hakimiyyəti tam bərqərar olmalıdır. İqtisadi siyasəti həyata keçirəcək qurumlara sərbəstlik verilməli və bazarın onlara olan inamı bərpa edilməlidir. Heç şübhəsiz ki, burada güclü iqtisadi komandanın formalaşdırılması da əsas şərtlərdən biridir. Əgər Türkiyə iqtisadiyyatı dünya bazarlarında özünə inamı bərpa edərsə, ölkənin risq dərəcəsi də aşağı düşəcək, ölkə investisiya qoyula bilən ölkələr sırasına daxil olacaq, daha ucuz borclanacaq, innovasiya, istehsal və ixrac potensialını daha da gücləndirmək üçün imkanlar əldə edəcəkdir. Fikrimcə, Türkiyənin bunları edə bilmə potensialı var, sadəcə bu potensialı reallaşdırmaq lazımdır”.
Mehin Mehmanqızı
Medianews.az