Tayvan və Çin arasındakı gərginlik yeni mərhələyə qədəm qoyub. Tayvan hərbçiləri ilk dəfə Çin ordusuna məxsus pilotsuz uçuş aparatına xəbərdarlıq atəşi açıb. Hadisə PUA-nın Kinmen adalarına yaxınlaşması zamanı baş verib.
Açılan atəşin iki ölkə arasındakı gərgin münasibətlərə necə təsir edəcəyi maraq doğurur. Tayvan və Çin arasında müharibənin ola bilməsi ehtimalı dünya ictimaiyyətini təşvişə salıb. Bəs həmin gərginlik müharibəyə çevrilə bilər?
Məsələ ilə bağlı Medianews.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, gərginlik Nensi Pelosinin səfərilə pik həddə çatıb:
“Çin və Tayvan arasındakı münasibətlərin gərginləşdiyinin şahid oluruq. Lakin hər iki tərəf də müharibə istəmir. Xüsusilə, Çinə açıq qarşıdurma sərf etmir. Çünki həm hazırlıqlı deyil, həm də daxili məsələləri var. Birincisi, Çin rəhbərliyi planlanan qurultaya hazırlaşmağın əhəmiyyətini anlayır. Həmçinin Respublikanın Sədri Si Cinpin növbəti seçkilərin qazanılmasına fokuslanacaq. Bundan başqa Çin iqtisadiyyatının inkişaf tempində müəyyən geriləmənin müşahidə olunması da diqqəti bura yönəldir. Kiçik insidentlər baş verə bilər, lakin böyük müharibənin olmağı real görsənmir”.
Politoloq gərginliyin Azərbaycana təsirindən də bəhs edib:
“İki dövlət arasında gedən proseslərin Azərbaycana təsiri çox zəif ola bilər. Gərginlik yalnızca ümumi dünya bazarına təsir edə bilər. Lakin müharibə olmadığı təqdirdə bu halın da baş verməyi gözlənilmir”.
Xanlar Əlibəy
Medianews.az