Respublikaçılar Partiyasının həftəsonu ABŞ – ın Texas ştatında keçirdiyi toplantılarda ABŞ-ın keçmiş prezidenti Donald Trampın “seçkilər oğurlanıb” iddiası dəstəklənib.
Medianews.az xəbər verir ki, partiya iclasında səsvermə nəticəsində yayımlanan bəyanatda, “2020-ci il prezident seçkilərinin təsdiq edilmiş nəticəsini rədd edirik və hazırkı prezident Baydenin ölkə xalqı tərəfindən qanuni olaraq seçilmədiyini düşünürük”,-deyə bildirilir.
Xatırladaq ki, Baydenin qeyri-qanuni seçkilərdə qalib gəldiyi iddiası Tramp tərəfindən dəfələrlə səsləndirilib və keçmiş prezidentin yüzlərlə tərəfdarı ötən il yanvarın 6-da ABŞ Konqresinə təzyiq edərək seçkinin nəticələrinə etiraz ediblər. ABŞ tarixinin ən qaranlıq hadisələrindən biri olan basqın zamanı 5 nəfər həlak olub.
Onu da əlavə edək ki, Texas ABŞ-da Respublikaçılar Partiyasına ən çox dəstək verən ştatlar sırasındadır.
“Reuters”un yeni sorğusuna əsasən, respublikaçıların təxminən üçdə ikisi prezident seçkilərinin “oğurlandığına” inanır.
Qeyd edək ki, bu günədək qaldırılan iddialar, seçkilərdə heç bir qanun pozuntusunun olmadığını bildirilərək, rədd edilib.
Leyla, Medianews.az