MSK sədri Məzahir Pənahovun “Bəzi seçki məntəqəsində Seçki Məcəlləsinin müddəalarının ciddi pozulması halları baş verib” sözlərini oxuyanda düşündüm ki, nəhayət, Azərbaycanda haqq-ədalətin öz yerinə qoyulması mərhələsi başlayıb. Hətta seçki nəticələrinin ləğvinə dair düşüncələrə də daldım. Ancaq yazını oxuyanda məlum oldu ki, cənab Pənahov “ciddi pozuntu”dan danışarkən nə YAP-ın təşkil etdiyi “karusel”dən, nə də topa-topa bülletenlərin qutulara doldurulmasından bəhs etmirmiş.
MSK sədri deyib ki, bir nəfər 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin 29 saylı məntəqəsində bayırda dayanaraq, seçicilərin məntəqəyə daxil olmasının qarşısını alıb. Həmin şəxsin kimliyi müəyyənləşdirilib. Bu şəxs “Azadlıq” qəzetinin əməkdaşı Əliyev Xəqanidir.
Normal məntiq deyir ki, jurnalist məntəqəyə adamların “karusel” üsulu ilə girməsinin qarşısını almağa cəhd edib, nəticədə adı “qara siyahı”ya salınıb. MSK sədri onu da deyib ki, Cəlilabadda bir nəfər 10 bülleteni götürüb qaçıb. Cənab Pənahov gərək xatırlasın ki, Cəlilabadın icra başçısı orda heç Cəmil Həsənliyə görüş keçirməyə icazə vermədi. Belə bir adamın rəhbərlik etdiyi rayonda seçkinin necə keçirildiyi hər kəsə məlum olsun gərək. Bir müşahidəçi bülleteni götürüb qaçırsa, bəllidir ki, həmin bülletenlər qabaqcadan işarələnmiş, kənarı kəsilmiş olub.
Guya cənab Pənahov dairə və məntəqələrdə nələr baş verdiyindən xəbərsizdir. Guya o bilmir ki, hələ neçə gün əvvəldən Yüzbaşı, onbaşı və minbaşılar maliyyələşdirilib, “karusel” üsulu ilə seçkiyə daha çox adam gətirməklə bağlı təlimatlar verilib, adamların taksi, avtobus, yemək, hətta cib xərcliyi ödənilib? Guya MSK-da bilmirlər ki, həkimlərə və müəllimlərə səs verəndən sonra bülletenin işarələnmiş tərəfinin şəklini telefonla çəkib gətirmək tapşırığı verilmişdi? Bəlkə hər rayonun icra başçısına nə qədər səs “kvota”sının müəyyənləşdirilməsindən xəbəri olmayıb bizim seçki uzmanları.
Neçə vaxtdır seçiciyə “seçkiyə gəlin, səs verin” çağırışını edirdiniz. Seçici də azdan-çoxdan gəldi, elə isə niyə ona hörmət eləmirsiniz, səsinə haram qatırsınız, bu suala cavab verilməlidir.
Neçə müddətdir seçki məntəqələrində qurulan veb-kameraların sayından, seçki prosesinə ideal hazırlıqdan danışırlar, yeni binaların açılışını edirdilər. Ancaq bütün bunların fövqündə dayanan Azərbaycan seçicisinin, ölkə insanının səsi, onun iradəsinin nəticələrdə əks olunması idi. Əgər yüzlərlə seçki saxtakarlığı ilə bağlı faktlar MSK tərəfindən araşdırılmırsa, əvəzində YAP-ın Milli Şuranın təmsilçiləri haqqında saxta şikayətlərinə “stavka” olunursa, onda harda qaldı ədalət, qanun, normal seçki barədə aylardır deyilənlər? Heç olmasa şikayətlərə balanslı yanaşmaq, qarşı tərəfin də arqumentlərini dinləmək, müvafiq tədbirlər görmək olardı.
Saat 14.00-da “Demokratiyanı Öyrənmə” İctimai Birliyi 30 seçki dairəsi üzrə 300 seçki məntəqəsində apardığı müşahidələrlə bağlı məlumat yaymışdı. Qurum topa bülletenlərin atılması faktlarını qeydə aldığını, belə hallara 80 saylı dairənin 7, 36 saylı dairənin 11, 113 saylı dairənin 11, 25 saylı dairənin 17, 105 saylı dairənin 16, 106 saylı dairənin 18, 15 saylı dairənin 15, 97 saylı dairənin 39, 93 saylı dairənin 6, 111 saylı dairənin 3, 114 saylı dairənin 17 saylı məntəqələrində rast gəlindiyi bildirib. Bu da fakt, MSK bəlkə elə bu faktlardan başlayaydı. Özü də bunu da Milli Şura demir ki, “qərəzlidir” deyəsiniz.
Heyf. Özümüzü inandırırdıq ki, bu dəfə fərqli seçki olacaq, olmadı. Yenə də insanlarda inamsızlıq aşılandı, qanunlar tapdandı, başımızı dünyada aşağı elədi biriləri. Seçki bülletenində adı 6-cı olan professor Cəmil Həsənlinin uduzdurulması bəlkə də elə böyük faciə deyil. Əsas faciə başqa bir 6-cının məğlubiyyətidir, özü də növbəti dəfə…
Söhbət konstitusiyanın 6-cı maddəsindən gedir. Orda deyilir: I. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. Saya salınmadı ali qanundakı bu müddəa…
Deyirəm nə olaydı, cənab İlham Əliyev səlahiyyətlərindən istifadə edib saxta nəticələrin ləğvi haqqında ortaya iradə qoya və təkrar seçkiyə qərar verəydi. Onda bu saxtakarlar zümrəsinin halına baxardıq…