Olmuş əhvalatdır. İmkanlı bir kişinin tək oğlu Amerikada təhsilini başa vurub Bakıya qayıdıbmış. Təbii ki, tək oğlu üçün hər şey etməyə qadir olan ata onu 1500-2000 manat maaşı olan işlə təmin edir. Ancaq çox keçmir ki, yaxşı mütəxəssis olan oğlan burada yaşaya bilməyəcəyini deyib geri qayıtmağa qərarlı olduğunu bildirir.
Bunu danışan dostumuz deyir ki, atası çox yalvar-yaxar edir, oğlu razılaşmır, “mən burda boğuluram” deyir. Axırda kişi “a bala, sabah düşdüm öldüm, bəs məni kim basdıracaq” soruşur. Oğlanın cavabı belə olur: “Cavan ömrümü bu mühitdə çürüdə bilmərəm. Bağışla məni, amma öləndə zəng edərsən, gəlib basdıraram…”
Bax, belə. Artıq aylardır oğulla ata bir-biri ilə skayp-la danışırlar. Acınacaqlısı budur ki, Amerika, Avropa dünyagörüşünü əxz edən gənclərimiz sonradan bura qayıdanda dözə bilmir. Görün biz nə gündəyik… Bu gün o qədər soydaşımız ürəyi parçalana-parçalana Ramiz Rövşən kimi “Səni sevə bilmirəm Vətən, nə gündəsən” deyir ki. Fəlakət budur. Nə olsun ki, erməni acından ölür, bizimsə təkcə “Bulla-dəniz” qaz yatağında hər gün 6 milyonluq qazımız yanıb havaya uçur. Fakt budur ki, insana dəyər verilmir. Odur ki, mühacirətə üz tutanlarımızın sayı artır. Hətta məmurların bir çoxunun övladları da xaricdə bir neçə il oxuyandan, yaşayandan sonra atalarına “asi” çıxırlar.
Bu arada isə məlum olub ki, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanın bəzi ərazilərinin Avropanın hüdudlarına daxil olduğunu sübuta yetirib. İnstitutun direktor əvəzi Ramiz Məmmədov deyib ki, Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Demə, Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanının camaatı avropalıymış, neçə vaxtdır bu səadətdən xəbərləri olmayıb. Hətta qitənin sərhədləri Fatmayi ilə Mehdiabadın arasından keçirmiş və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. “Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır. Zirənin yarısı Asiya, yarısı isə Avropa hüdudlarına daxil imiş. Bakı isə tam olaraq Avropanın hüdudlarına daxil olmur. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur”, R.Məmmədov deyib.
Gör nəyin üstündə baş sındırırlar? Hacıbala Abutalıbovun rəhbərlik etdiyi, yağış yağandan-yağana kanalizasiya sisteminin, soyuqlar düşəndə istilik sisteminin bərbad vəziyyətdə olduğu yada düşən paytaxtın Asiya və Avropa qitəsinə aid olması nəyi dəyişir ki? Deyirsiniz yəni Bakı tamamilə Avropaya daxil olsaydı, ogünkü yağışda avtomobil tunelləri suya qərq olmayacaqdı, Tofiq Yaqublu, Yadigar Sadıqlı, İlqar Məmmədov, gənclər, dindarlar günahsız yerə həbs olunmayacaqdı? Bəs onda niyə “Avropanın bir hissəsi olan” Zirənin sakinlərinin başına oyunlar açırsınız. Bəlkə bu da Avropanın, ordakı ikili standartların, ermənipərəst qüvvələrin günahıdır?
Cəlilabadın icra başçısının müavini prezidentliyə namizəd Cəmil Həsənlinin görüş istəyinə verilən cavabı da əsl “Avropa standartı”na uyğundur. Yazıb ki, Cəlilabaddan olmayan şəxslər görüşə gəlsə, məsuliyyət təşkilatçının üzərinizə düşəcək. Bu cür dünyagörüşlə Avropaya can atırsınız? Avropa ölkələri on illərdir aralarındakı sərhədləri götürüblər, Cəlilabadda ölkə vətəndaşları üçün hətta “viza rejimi” tətbiq edilir. Ölkəsinin ən ciddi siyasi hadisəsinə belə rüsvayçı münasibət bəsləyən məmurlara demək üçün Avropa bəlkə də söz tapmayacaq bundan sonra. Coğrafiya İnstitutu bir az da çalışsa, Cəlilabadı da Avropaya daxil edə bilər. Azı icra hakimiyyətinin yerləşdiyi ərazini. Avropaya ən böyük zərbə olar.
Bakıdakı tədbirlərin birində “Qaçqınkom”un rəhbəri Əli Həsənov “Həmişə Azərbaycanın Avropaya inteqrasiyasından danışılır. Bir dəfə demirlər ki, qoy Avropa Azərbaycana inteqrasiya eləsin” demişdi. Deyəsən, inteqrasiya başlayıb axı. Ən azı Zirəyə qədər gəlib çıxıb, qaldı Cəlilabad…
…Bəlkə məmurlar Avropanı Zirəyə gətirib çıxartmaqla ölkəyə qayıtmaq istəməyən uşaqlarının başını aldadıb bura qaytarmaq istəyirlər. Məsələn, bu şəkildə “a bala demirsən Avropa, bu da səninçün Avropa, di Bakıda yaşamırsan, get, Zirədə yaşa”.