Yalnız Azərbaycanda prezidentliyə namizədin təbliğat-təşviqat kampaniyasına bu cür açıq müdaxilə ola bilərdi. Qanunla təşviqat kampaniyasını 23 günə endiriblər, indi də hər gələn gündə əngəl yaradırlar ki, namizədlə xalq arasında təmas yaranmasın. Dünən xəbər gəldi ki, prezidentliyə namizəd İqbal Ağazadənin Ağstafa seçiciləri ilə rayon stadionunda keçirmək istədiyi görüşə də imkan verməyiblər, qarşıdurma yaranıb. Cəmil Həsənliyə münasibəti başa düşdük, o, Milli Şuranın prezidentliyə namizədidir. Bəs, özünüz “konstruktiv müxalifət” adlandırdığınız şəxsin qanunla ayrılmış ünvanda camaatla görüşünə niyə icazə vermirsiniz?
Bir gün əvvəl İrəvanda Sərkisyan hakimiyyəti əleyhinə izdihamlı yürüş olmuşdu. Azərbaycanda isə seçkilər dövrüdür, qanun, konstitusiya vətəndaşa, namizədə, seçiciyə normal, sərbəst fəaliyyət haqqını tanıyıb. Ancaq di gəl Ağstafanın icra başçısı nə qanun, nə konstitusiya tanıyır və namizədin bir saatlıq görüşünə “olmaz” deyib. Sabah Avropadan seçki hesabatları gələndə YAP-çılar “qərəzlidir” deyəcəklər…
Görün hansı duruma düşmüşük ki, bir ölkənin deputatı, prezidentliyə namizədi stadionda belə vətəndaşlarla ünsiyyət qurmaq imkanından da məhrum edilib. Bundan sonra yeni qarşıdurmanın yaranmaması üçün İqbal Ağazadə seçicilərdən dağılışmağı xahiş edib. Sanki cənab Ağazadə döyüş bölgəsinə gedibmiş və tərəfdarları da orda xəsarət alıb. Hətta icra başçısının müavini məhz kütləvi təşviqat tədbirləri üçün ayrılan (!) ünvana gedərkən İqbal Ağazadənin MSK-dakı səlahiyyətli nümayəndəsi (!) Rüstəm İzzətlini döyməklə hədələyib. Görən Məzahir Pənahovun bu fakta münasibəti necə olacaq? Bu olayı ki, Cəmil Həsənli təşkil eləməyib. İqbal Ağazadə də “radikal” fikir səsləndirməyib ki.
Hörmətli YAP-çılar, indi nə deyirsiniz, bəlkə MSK İqbal Ağazadəyə də ciddi xəbərdarlıq eləsin, bəlkə onun gözlərində problem olduğunu, eynək taxdığını ictimailəşdirəsiniz…
Təbii ki, biz Ağstafa rəhbərliyinin cəzalandırılacağını gözləmirik. Baxmayaraq ki, hələ 2008-ci il prezident seçkiləri ərəfəsində icra strukturlarının seçkiyə müdaxilə hallarına qarşı sərt tədbirlərin görüləcəyi barədə prezident sərəncamı olub, ancaq nə faydası, bir nəfər cəzasını alıbmı Ağstafa rəhbərliyi də ibrət götürsün?
Şübhə eləmirəm ki, hörmətli İqbal Ağazadəyə qarşı yaradılan problemlər elə Cəmil Həsənliyə mesaj xarakteri daşıyır. Yəni hakimiyyət kimliyindən asılı olaraq müxalif fikrin bölgələrdə səslənməsini, əhali ilə birbaşa təması istəmir. İllərdir bölgələrə səfərlər qadağan edilib, müxalifətçilər hansı rayona gedirsə, dərhal orda qanunsuz yumurta-pomidorlu dəstələr peyda olur. Seçki prosesi isə müxalifətə görüş şansı yaradır deyə, yerli “padşah”lar bunun da qarşısını almaq istəyirlər.
Prezidentliyə namizədlərin çıxışlarında səhiyyədəki acınacaqlı vəziyyətdən də danışılır. Düzdür, bəzən hakimiyyətin dəstəkçiləri dərhal yeni xəstəxanaların tikilməsini millətin gözünə soxmağa çalışır. Ancaq gəlin görək səhiyyə barədə normal fikir söyləmək olarmı? Olarsa, niyə elə imknalı şəxslərin, məmurların özləri müayinə və müalicə üçün Avropaya üz tuturlar?
Bu ölkənin Şeyxindən tutmuş ayrı-ayrı məmurlara qədər hər kəs ildə bir-iki dəfə Almaniyaya, müayinə və müalicə üçün gedirsə, imkansızlar isə İrana üz tutursa, demək Azərbaycan səhiyyəsi çoxdan rəhmətə gedib, sadəcə mövcud olan onun ruhudur. Təcrübəli, vicdanlı, peşəkar həkimlərimiz də var, ancaq əhali sayına baxanda onları barmaqla saymaq olar.
Səhiyyənin inkişafından danışanlar üçün növbəti fakt: Təbrizin Mərkəzi Uşaq Xəstəxanasında müalicə olunan 1 yaşlı azərbaycanlı körpə Kazım Məmmədəli 21 sentyabrda vəfat edib. Körpənin atası Nazir Məmmədəli bildirib ki, 50 gündür Təbriz şəhərindədilər. Xəstəxana rəsmiləri onlardan 8 min manat tələb edir. Pasportlarını da əllərindən alıblar ki, pulu ödəyin, sonra meyiti götürün.
Dəhşətdir. Normal səhiyyə olsaydı, valideyn bu zülmə düşərdimi? Bundan əvvəl ürəyindən əməliyyat olunan 5 aylıq Emil Məlikov da borc səbəbindən Təbriz xəstəxanasında girov saxlanılmışdı, aylardan sonra qaytarıldı. YAP-çılar deyir uşaqların pulsuz müayinə və müalicəsi barədə qanun gələn il qüvvəyə minəcək. Ancaq balaca Kazım o günü görə bilmədi. Heç olmasa, hakim partiya Kazımın meyitini ailəsinə qaytarsın…