Yuxusuzluq sadəcə yorğunluq və ya çaşqınlıq yaratmır, daha qorxulu bir bioloji prosesi tətikləyir.
"The Journal of Neuroscience" jurnalında dərc olunan elmi araşdırmaya görə, uzun müddət yuxusuz qalanda beyin hüceyrələrimiz enerji ehtiyacını qarşılamaq və sağ qalmaq üçün öz struktur elementlərini yeməyə başlayır.
Normal şəraitdə beyni “təmizləmək” və “tullantıları” atmaq üçün ayrılan dəstək hüceyrələri (astrositlər) yuxusuzluq halında nəzarətdən çıxaraq faqositoz deyilən bir proseslə sağlam sinir bağlantılarını və sinapsları yeyib bitirməyə girişir.
Yuxu əslində beyinin gecə növbəsində həyata keçirdiyi nəhəng bir sanitariya, toksinləri təmizləmə (qlifatik sistem) prosesidir. Bu prosesdə yaddaş möhkəmləndirilir, metabolik tarazlıq təmin edilir və sinir şəbəkələri bərpa olunur. Ancaq xroniki yuxusuzluqda bu həssas tarazlıq pozulur: yaddaş itkisi, diqqət toplama problemi və koqnitiv geriləmə güclənir.
Araşdırmada qeyd olunan “beyinin özünü yeməsi” ifadəsi elmi baxımdan nə dərəcədə dəqiqdir, bu prosesi sadə dillə necə izah etmək olar? Faqositoz prosesinin yuxusuzluq zamanı aktivləşməsi hansı mərhələdə təhlükəli həddə çatır? Bu dəyişikliklər geri dönəndirmi, yoxsa müəyyən mərhələdən sonra beyin üçün ömürlük fəsad yaranır? Qlifatik sistemin fəaliyyəti yuxunun hansı mərhələlərində (REM, dərin yuxu) daha aktiv olur? Uzunmüddətli yuxusuzluq Altsheymer və digər neyrodegenerativ xəstəliklərlə necə əlaqəlidir?
Medianews.az saytı bu suallarla həkim-nevroloq Durna Ələkbərovaya müraciət edib.

D.Ələkbərova bildirib ki, yuxu pozulması son dövrlərin aktual problemlərindəndir: “İndi bu sayaq şikayətlərə nəinki yaşlı və orta nəsil arasında, uşaqlarda da rast gəlinir.
Yuxu pozulmasına səthi yanaşanda sonralar digər beyin xəstəliklərinə, həm degenerativ, həm də damar xəstəliklərinə yol açılır.
Son dövrlərdə yuxu pozulmasının səbəblərindən biri də sosial şəbəkələrin mənfi təsiridir. Çünki insan sosial şəbəkələrdən aslı halda qalır. Hətta pasiyentlərə telefondan az istifadə etməyi məsləhət görəndə deyirlər ki, doktor, telefona baxandan sonra yuxum gəlir. Əslində bu belə deyil. Telefondan istifadədən sonra müvəqqəti olaraq yuxu gəlirsə, bir müddət keçəndə telefon şüası beyində hüceyrələrin məhvinə səbəb ola, orada toksinlərin toplanmasına səbəb ola bilər. Bu da xroniki yuxu pozulmasına gətirib çıxarar. Ona görə də yuxu fazasına maksimum diqqət etmək lazımdır”.

Nevroloq qeyd edib ki, yuxu passiv yox, aktiv istirahətdir: “Yuxu zamanı beyinin biomexanizmləri işə düşür. Biz buna qlimfatik sistem deyirik. Beyinin limfatik drenaj sistemi fəaliyyətə başlayır. Yatanda orqanizmdə fizioloji olaraq digər orqanların, məsələn, tənəffüs, ürək-damar sisteminin fəaliyyəti zəifləyir. Eyni zamanda beyinə gərginlik düşmür.
Gün ərzində aktiv, gərgin iş rejmi ilə məşğul olduqda beyində toksik hüceyrələr toplanır. Toksik hüceyrələr dedikdə beta-amiloid, tau zülalları nəzərdə tutulur. Lakin yuxu zamanı toksinlər limfatik drenaj funksiyası vasitəsilə beyində parçalanır və orqanizmdən xaric olur.
Yuxu keyfiyyətli olmalıdır. Yəni təkcə yuxu müddəti əsas deyil. 8-9 saat yatmaq şərt deyil. Şərt odur ki, orqanizm dərin yuxuya getsin və qlimfatik sistem (təmizləmə mexanizmi) fəaliyyətə başlasın”.

Həkimin sözlərinə görə, yuxusuzluq beyində hipoksiyanın, yəni oksigen azlığının yaranmasına, iltihabi mediatorun yüksəlməsinə, eyni zamanda toksik maddələrin toplanmasına səbəb ola bilər: “Yuxu pozulması zamanı belə halların yaranması nəticəsində gələcəkdə orqanizmdə digər xəstəliklər, xüsusən də sinir sisteminin neyrodegenerativ xəstəlikləri, Altsheymer xəstəliyi baş qaldıra bilər.
Yuxu pozulması iki cürdür. Qısamüddətli pozulmanı müəyyən bir rejim təyin etməklə aradan qaldırmaq olur. İkincisi dərinləşmiş, xroniki hala keçmiş yuxu pozulmasıdır. Bu, ciddi siqnaldır. Bu proses həm pasiyentə, həm də həkimə xəbərdarlıqdır ki, beyində geriyə dönüşü mümkün olmayan proseslər gedir. Məsələn, diqqət və yaddaş zəifləyir. Biz buna koqnitiv funksiyaların zəifləməsi deyirik.
Somatik, xroniki xəstəlikləri olan insanlarda axşamlar ağrılar artır. Yuxu pozulması ağrıların daha da aktivləşməsinə səbəb olur. Bununla yanaşı damar xəstəliklərinin yaranma riski də artır. Damar xəstəlikləri dedikdə insultu, parkinsonu misal gətirə bilərik. İnsultdan əziyyət çəkən xəstələrimiz yuxu pozğunluğundan şikayətçi olurlar. Bu, sonda orqanizmdə həm toksik maddələrin beyində toplanmasının, həm də iltihab mediatoru dediyimiz faktorların sürətlənməsinə gətirir. Yekunda damar tıxanıqlığı yaranır, yaxud da damarların keyfiyyəti itir”.

D.Ələkbərova vurğulayıb ki, normal yuxunun bərpa olunması çox vacibdir: “Uşaqlarda yuxu zamanı boy hormonunun miqdarı artır. Orta, gənc və yaşlı nəsillərdə yuxu zamanı beyin təmizlənir, zərərli maddələr beyindən xaric olur. Sanki beyin yenilənir. İnsan növbəti günə təmizlənmiş, aktiv beyinlə başlayır. Bu səbəbdən yuxu pozulması məsələsinə ciddi yanaşmaq lazımdır. Vaxtında tədbir görülmədikdə, xroniki yuxu pozğunluğu, insult xəstəliyi yarandıqda artıq beyini idarə etmək çox çətinləşir. Stasionar həkim olaraq belə hallarla tez-tez qarşılaşıram. Vəziyyət o həddə gəlir ki, pasiyentə hətta yuxu dərmanları da təsir etmir. Ona görə problemin üstünə vaxtında düşmək gərəkdir. Mümkün olduqca axşamlar sosial şəbəkələrdən uzaq durmaq lazımdır”.
Nailə Qasımova,
Medianews.az