Dövlət Neft Fondu Mərkəzi Bankın 2025-ci ildə keçirdiyi valyuta hərraclarında nə qədər vəsait satdığını açıqlamır.
Medianews.az bildirir ki, ötən ilin gəlir və xərcləri üzrə 27 yanvar hesabatında hərraclar barədə statıstika yer almayıb, o vaxtdan bəri də hər hansı informasiya verilməyib.
Sonuncu dəfə yayılmış rəsmi bildirişə (23 oktyabr 2025) görə, 2025-ci ilin üç rübündə keçirilmiş valyuta hərraclarında Dövlət Neft Fondundan 4 milyard 350,3 milyon ABŞ dolları məbləğində vəsait alınıb.
Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard, 2024-cü ildə 7,1 milyard dollar göstərilib.
Dövlət Neft Fondu 1999-cu il dekabrın 29-da yaradılıb. 2026-cı il yanvarın 1-nə fondun 73 milyard 541,5 milyon dollarlıq aktivi qeydə alınıb.
Mərkəzi Bank 8 ilə yaxındır ABŞ dollarının məzənnəsini sabit saxlayır.
2015-ci ilin devalvasiyalarında dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.