Medianews.az
ABŞ-Azərbaycan münasibətlərinə dair BİR NEÇƏ TEZİS
94 baxış

ABŞ-Azərbaycan münasibətlərinə dair BİR NEÇƏ TEZİS

1. ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Cənubi Qafqaz regionunda iki dövlətə - Ermənistana və Azərbaycana səfəri Ağ Evin strategiya alqoritmində dəyişikliyə işarə verir.

Vaşinqton bölgə ilə bağlı siyasətini Azərbaycan-Ermənistan sülh gündəmi mövqeyindən irəliyə aparır. Gürcüstan amilində isə ABŞ öz prioritetlərini Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə təhvil verir.

Yəni ABŞ-nin bu məqsədləri tanış olsa da, onun vasitələrinin dəyişdiyi görünür. Bu, Azərbaycan-ABŞ münasibətlərində və Türkiyənin prosesdə tutduğu mövqedə düşünülmüş tənzimləmədir və özünəinamlı bir tonu ifadə edir. Gürcüstanın təhlükəsizlik təminatında Azərbaycan-Türkiyə müttəfiqliyinin hansı strategiya işləyəcəyi və ya mövcud nizamlamanı necə yeniləcəyi zamanın və geosiyasi konfiqurasiyanın xarakterindən asılı olaraq dəyişə bilər.

2. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ ilə strateji tərəfdaşlığı yeni dünya düzənində müttəfiqlik əlaqələrinin şaxələndirilməsi prizmasından həyata keçirir. Burada cənab İlham Əliyev Azərbaycanın Şərqdəki və Qərbdəki müttəfiqləri (Çin və ABŞ) arasında strateji təmkin və realizm əsaslı koordinasiya yaradır.

Zəngəzur dəhlizinin (TRIPP) Orta Dəhlizdəki yeri və bunun Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında təyin edilən məqamı ABŞ və Çinin Cənubi Qafqazdakı əməkdaşlıq modelini təşviq edən mühüm addımdır.

3. Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya iki dövlətin böyük ölçüdə geosiyasi vizyonunu əhatə edir. Bu, mövcud beynəlxalq münasibətlər sistemindəki turbulentlik dövründə yazılmış və əməkdaşlıq yükünü dərinləşdirən sənəddir.

Bu sənəd regionda başqa güc mərkəzlərinin hakim olması iddiasının qarşısında etibarlı bir dəyərə malik ola bilər. Azərbaycan regional tarazlığı qorumaq və ya onu gücləndirmək yükündə məsuliyyətli tərəflərin sayını çoxaldır.

4. ABŞ Cənubi Qafqazda enerji sahəsindəki strategiyasını nüvə enerjisinə keçid etməklə (həm Azərbaycan, həm də Ermənistanda) möhkəmlədirir. Bu, ABŞ-nin 2025-ci ilin noyabrında qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasındakı “Enerji dominantlığı” yarımbaşlığı ilə təqdim edilən prioritetlərinin Qafqaza uyğunlaşdırılmasıdır.

ABŞ bununla Azərbaycanla enerji sahəsindəki əməkdaşlığı yenidən qurmağı vacib strateji yanaşma hesab edir.

Bu, Azərbaycanın enerji strategiyasının perspektivi prizmasından Bakının geosiyasi ştrixlərinin səviyyəsinin qalxacağını proqnozlaşdıran hadisədir.

5. Antiterror əməliyyatları sferasında əməkdaşlıq ABŞ-Azərbaycan strategiyasındakı iqtisadi, siyasi əməkdaşlığı təhlükəsizlik gücü ilə əlaqələndirən qatlara malikdir.

Bu, dolayı işarələrlə Azərbaycan-ABŞ əməkdaşlığına qarşı təhlükəsizlik maneələri çıxarmaq istəyən istənilən sahəyə nüfuz edir.

Azərbaycanla ABŞ-nin terrorizmə qarşı mümkün gələcək əməliyyatlarının dairəsi təkcə quru sərhədləri ilə deyil, Xəzər dənizinin hüdudlarını da əhatə edə bilər...

Aqşin Kərimov, 
s
iyasi təhlilçi 

Bizə qoşulun